"Elekron hökumət portalı, elektron xidmətlər, elektron həllər və banklar ilə mümkün əməkdaşlıq" mövzusunda seminar keçirildi

29.04.15

Bu gün "Elektron Hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən Respublikada fəaliyyət göstərən banklar üçün "Elekron hökumət portalı, elektron xidmətlər, elektron həllər və banklar ilə mümkün əməkdaşlıq" mövzusunda seminar təşkil edildi. Seminarda "Caspian Development Bank (CDB)” ASC, NBC Bank, Dəmir Bank, Bank Avrasiya ASC, Euro Bank ASC, Naxçıvan Bank ASC, Yapı Kredi Bank, Zamin Bank və s. bankların nümayəndələri iştirak etdilər.

Seminarın təşkil edilməsində məqsəd portal üzərindən təqdim olunan elektron arayışların vətəndaşlar və biznes qurumlar üçün üstünlükləri, bu sistemə qoşulmuş qurumların təcrübələri, statistik məlumatlar, elektron arayışların tətbiq sahələri, müqavilə şərtləri ilə tanışlıq, sistemə qoşulmaq üçün prosedurlar, texniki şərtlər və təhlükəsizlik məsələləri barədə ətraflı informasiya verməklə bu sahədə maarifləndirmə işləri aparmaq və elektron arayışlarla kredit verən bankların, kredit təşkilatlarının və digər qurumların siyahısını genişləndirməkdir.



Seminarı MHM-in şöbə müdiri İlqar Abdullayev açıq elan etdi. O, Elekron hökumət portalı, elektron xidmətlər, elektron arayışların vətəndaşlar və biznes qurumları üçün üstünlükləri, xidmətin əyani nümayişi, bu sistemə qoşulmuş qurumlar və istifadə sayı barədə ətraflı məlumat verdi. Məruzəçi problemli kreditlərin mövcud olduğu zamanda bankların kredit verilməsində böyük həssaslıq göstərdiyini, müraciətçilər barəsində daha geniş və dəqiq məlumat tələb olunduğunu vurğuladı. "Elektron Hökumət" portalı vasitəsilə isə vətəndaş üzrə əldə olunan məlumatlar müxtəlif dövlət qurumlarının (Daxili İşlər Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və s.) bazasından götürüldüyü üçün informasiyanın saxtalaşdırılması qeyri-mümkündür və təqdim olunan arayışlardakı məlumatların tamlığına və dəqiqliyinə tam zəmanət verilir.


Proqramlaşdırma şöbəsinin müdiri Cəmşid Naxçıvanski sistemə qoşulmaq üçün texniki şərtlər və təhlükəsizlik məsələləri barədə ətraflı informasiya verdi. Bankların "Elektron Hökumət" portalına qoşulması üçün tələb olunan zəruri texniki detallar barədə danışıldı, həmçinin, portal üzərindən elektron arayışlardan istifadə üsulları və texniki əsası izah edildi. Məruzəçi qeyd etdi ki, bir müddət bankda test mühitində sınaqdan keçirildikdən sonra sistemin tam şəkildə istismarına start verilir.



Daha sonra, Marketinq şöbəsinin sektor müdiri Seymur Məmmədov sistemə qoşulmaq üçün prosedurlar, müqavilə şərtləri barədə informasiya verərək elektron arayışlardan hazırda faydalanan bankların əldə etdiyi müsbət nəticələrdən, elektron arayışların sosial mahiyyətindən danışdı.

Tədbir çərçivəsində MHM-in mütəxəssisləri tərəfindən bank əməliyyatçılarının elektron arayışlarla iş prosesi əyani olaraq nümayiş etdirildi.

Seminar iştirakçıların sualları əsasında müzakirələrlə davam etdi. Sonda, tədbirin iştirakçılarına e-imza kartları hədiyyə edildi.

Qeyd edək ki, seminar zamanı daha 4 bankın portala qoşulma istəyi qeydə alındı və bu barədə ilkin danışıqlar aparıldı.

Ümumilikdə, "Elektron Hökumət" portalı üzrə keçirilən bütün maarifləndirici tədbirlərin əsas hədəfi dövlət, eləcə də özəl qurumlarla əməkdaşlığın gücləndirilməsi, fikir və təcrübə mübadiləsinin aparılmasıdır. Bu da, sosial əməliyyatların elektronlaşması, məmur-vətəndaş ünsiyyətinin tədricən aradan qaldırılmasına xidmət edir.