"Qaz abunəçiləri üzrə informasiya ehtiyatı"nın "Elektron hökumət" portalına inteqrasiyası üçün SOCAR-la birgə müzakirə keçirildi

28.04.15

"Elektron Hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində SOCAR İTRİ-nin və "Azəriqaz" İB-nin müvafiq sahə üzrə əməkdaşları ilə görüş keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli qərarının icrası ilə bağlı "Azəriqaz” İB-ə məxsus "Qaz abunəçiləri üzrə informasiya ehtiyatı"nın portala inteqrasiyası, müvafiq elektron xidmətlərin təşkili, servislərin hazırlanması ilə bağlı təşkil olunan toplantıda "Abonent bazasına xidmət”, "SMART tipli sayğacların tətbiqi və nəzarəti”, "İKT-nın tətbiqi” şöbələrinin, eləcə də Socar İTRİ-nin "Proqramlaşdırma şöbəsi”nin və "İnzibati idarəetmə şöbəsi”nin səlahiyyətliləri iştirak edirdlər. Toplantının məqsədi "Azəriqaz" İB-nin İnformasiya sisteminin portala qoşulması ilə ictimai tələbatın yüksək olduğu bəzi xidmətlərin elektronlaşdırılaraq "bir pəncərə" prinsipi üzrə vahid məkandan vətəndaşlara təqdim edilməsidir. Toplantı çərçivəsində zəruri sosial xidmətlərin elektronlaşdırılması, həmçinin, məlumat bazasının FİN-ə uyğunlaşdırılması məsələləri müzakirə edildi. Bu istiqamətdə portalın mövcud potensialları barədə ətraflı məlumat verildi.
"Azəriqaz "İB-nin SMART tipli sayğacların tətbiqi və nəzarəti şöbəsinin rəisi SMART kartlar üzrə mövcud ödəniş sistemləri barədə ətraflı informasiya verərək, bu sahədə hazırlana biləcək sosial yönümlü bir neçə xidmətin elektronlaşdırılması ilə bağlı təkliflər verdi. Birgə müzakirələrdən sonra vətəndaşların ən çox ehtiyac duyduğu və tez-tez problem yaşadığı aşağıdakı xidmətlərin elektronlaşması istiqamətində müvafiq tədbirlər görülməsi təklif edildi:
  •  İstehlakçıların qaz şəbəkəsinə qoşulması üçün e-müraciət
  •  SMART kartların balansının onlayn rejimdə artırılması
  •  SMART kartların balansının yoxlanılması
  •  SMART kartların balansında olan köhnə borcların göstərilməsi
  •  Xəta səbəbindən SMART karta yüklənməmiş məbləğlərin bərpası
  •  Məcburi köçkünlərin limitlərinin onlayn rejimdə SMART karta yüklənilməsi
Bundan başqa, yeni qaz abunəçilərinin sənədləşdirilməsi zamanı ünvan və soyadların, a.a. sistemə əl ilə daxil edildiyi və bununla əlaqədar bir çox mexaniki səhvlərin baş verdiyi qeyd olundu. Bu problemin aradan qaldırılması və İnformasiya sisteminin formalaşdırılmasının ilkin mənbədən aparılması məqsədilə portal üzərindən İAMAS informasiya sistemindən "Azəriqaz" İB-nə servis ötürülməsi təklif edildi və prosesin texniki detalları birgə müzakirə edildi.
Qeyd olundu ki, "Azəriqaz" İB-nin mövcud Abonent bazasında məlumatların ~70%-i FİN-ə uyğunlaşdırılıb. "Azəriqaz” İB-nin mülkiyyətində olan informasiya sistemlərində abunəçilərə dair fərdi məlumatların İAMAS informasiya sistemindəki məlumatlarla üzləşdirilərək FİN-ə uyğunlaşdırılması istiqamətində MHM-in öz köməyini əsirgəməyəcəyi bildirildi.
Müzakirələrin sonunda müvafiq informasiya sisteminin portala inteqrasiya edilməsi üçün alınacaq serverlər və digər avadanlıqların texniki parametrləri MHM-in mütəxəssisləri tərəfindən SOCAR-ın əməkdaşlarına təqdim edildi və hər iki qurum arasında davamlı əməkdaşlıq sayəsində qeyd olunan məsələlərin tezliklə reallaşdırılacağı vurğulandı.