Rəqəmsal əsrdə yeni həyat tərzimiz... Elektron arayışlar.

16.04.15

Arayış hüquqi sənəd olaraq subyekt barədə hər hansı məlumatı təsdiqləmə vasitəsidir. Gündəlik həyatımızda hər addımbaşı arayışların tələb olunması, vətəndaşların əhvalına və gündəlik planlarına mənfi təsir göstərir.

XXI əsrdə, İKT-nin inkişaf etdiyi bir dövrdə elektron vasitələrdən istifadə ilə informasiyanın emal olunması, saxlanması və ötürülməsi komputer vasitəsilə mümkündürsə, deməli kağız üzərində olan sənədlərin elektron şəkildə formalaşdırılmasının və daima itirilmək, korlanmaq təhlükəsi olan və bu baxımdan etibarsız "etibarlı kağız"ların aradan qaldırılmasının əsil zamanıdır.

Müasirlik, innovativlik var olanın mövcud xüsusiyyət və keyfiyyətlərinin daha faydalı, rahat modellərlə əvəzlənilməsi prosesidir. Necəki, indi bizə qəribə görünən köhnə model avtomobil, telefonlar, kompüterlər və sair kimi.

Müasir dövrün elektron rahatlıqlarını öz həyat tərzinə çevirmiş vətəndaş bu günlərdə qarşıya belə bir tələb qoyur: "Əgər məişətdə və işdə simsiz internetdən istifadə edirəmsə, istənilən yerdə, dağda, meşədə, dənizdə bir qurğu ilə bağlantı yaradırıb işlərimi həll edirəmsə, bütün növ ödənişləri internet vasitəsilə elektron şəkildə apara bilirəmsə, niyə axı bir kağız parçasından asılı vəziyyətdə qalmalıyam?". Eləcə də, hökumət belə bir tələb qarşısındadır: "Niyə bu qədər xərc qoyulub hər bir sahəyə İKT-ni tətbiq edildiyi zamanda hələ də bir kağız parçasının verilməsi üçün bir neçə kadr istifadə etməliyəm?"


Elektron arayışlar bizə nə verir? Bu sualın cavabını əyani müqayisələrlə daha aydın görmək mümkündür:

Düşündürücü məsələdir, elə deyilmi? - Hələ də elektron arayışdan faydalanmamışıqsa, sadəcə bu üstünlüyü sınaqdan keçirməyimiz kifayətdir, digər mərhələdə isə bu üstünlük özü yaşam tərzimizin tərkib hissəsinə çevrilir.

Çox sevindirici haldır ki, elektronlaşma ölkəmizdə artıq elə bir səviyyədə inkişaf edib ki, nəinki, arayışların eləcə də, kağız üzərində olan digər sənədlərin belə elektron versiyası mümkün edilməkdədir. 


Hazırda, vətəndaşlarımız "Elektron Hökumət" portalı (www.e-gov.az) vasitəsilə 8 növdə arayış əldə edə bilirlər:

Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi - "Elektron Hökumət" portalı tərəfindən hazırlanmışdır. 2014-cü ilin ikinci rübündən etibarən istifadəyə verilmişdir. Bu e-arayış istifadəyə verilən kimi bank əməliyyatlarının rəsmiləşdirilməsinə tətbiq olunmuşdur. Müvafiq e-arayış vətəndaşa aid Daxili İşlər Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim olunan informasiyalardan təşkil olunur. Hazırda, "Bank of Baku", "Unibank" ASC, "Accessbank", "Bakı Ticarət Bankı", "Muganbank" ASC, "Bank Respublika" ASC, "AGBank" ASC, Rabitəbank ASC, "Azərbaycan Beynəlxalq Bankı" ASC , "Expressbank" və s. banklar bu arayışlardan faydalanmaqdadırlar. Bu yaxınlarda lizing (AnsarLeasing) şirkətləri də e-arayışlardan istifadəyə start verib. "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" e-arayışının tətbiqi ilə sözügedən banklar kağız üzərində olan iş yerindən arayış tələbini aradan qaldırmış, öz müştərilərinin rahatlığı üçün e-arayışlardan istifadəyə keçid etmişlər.

"İş yerindən arayış" - 2014-cü ilin ikinci rübündən etibarən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşların istifadəsinə təqdim olunan digər bir e-arayış növüdür. Bu e-arayış vasitəsilə vətəndaş portala daxil olaraq öz iş yerinə dair arayış formalaşdırır.

"Ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki heyətin iş yeri haqqında elektron arayış"- Təhsil Nazirliyi tərəfindən təqdim olunan bu e-arayış cari ildən etibarən vətəndaşların istifadəsindədir. Bu e-arayış vasitəsilə ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki işçilərin öz iş yerlərinə dair arayışın formalaşdırılması üçün nəzərdə tutulmuşdur.

"Ümumtəhsil məktəb şagirdlərinin təhsil aldıqları yer haqqında elektron arayış"- Təhsil Nazirliyi tərəfindən təqdim olunmuş bu e-arayışdan ümumtəhsil məktəb şagirdləri faydalana, təhsil aldıqları yer haqqında arayış formalaşdıra bilərlər.

Rabitə xidmətlərinə görə borcun olmaması ilə bağlı arayış - Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmət vasitəsilə rabitə xidmətləri üzrə borcun olub-olmaması barədə e-arayışı formalaşdıra bilərlər. E-arayışın elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyatı quruma təqdim edilməsi mümkündür.

Yaşayış yeri haqqında arayış- Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, qeiyyatda olduğu ünvan və doğulduğu yer haqqında arayışı formalaşdıra bilərlər. E-arayışın elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyatı quruma təqdim edilməsi mümkündür .

FİN-ə görə fərdi məlumatların axtarışı - Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, şəxsiyyət vəsiqəsi üzrə məlumatları haqda e-arayışı formalaşdıra və müvafiq quruma göndərə bilərlər.

Diplom haqqında məlumatlar - Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, tərkibində vətəndaşın şəxsiyyət vəsiqəsi və təhsil aldığı müəssisə üzrə informasiyaları özündə birləşdirən e-arayışı formalaşdıra bilir.

Məlum məsələdir ki, hər bir e-arayış tərkibinə görə digər arayışlardan fərqlidir. Bütün e-arayışların ümumi cəhəti, portal vasitəsilə avtomatik formalaşdırılması və eyni hüquqi qüvvəyə malik olmasıdır. Qeyd olunan e-arayışları çap etmək və ya aidiyyatı quruma göndərmək mümkündür. E-arayışların həqiqiliyini təsdiq etmək üçün QR- koddan istifadə edilir.

"Elektron Hökumət" portalı üzərindən təqdim olunan e-arayışlardan istifadə dinamikası aydan-aya, gündən günə artır. Statistik rəqəmlərə nəzər saldıqda görürük ki, 2014-cü ilin sentyabr ayından 2015-ci ilin aprel ayına qədər olan dövr ərzində portal üzərindən "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” və "İş yerindən arayış" e-xidmətləri vasitəsilə 120 mindən artıq e-arayış formalaşdırılaraq müvafiq qurumlara təqdim olunmuşdur.

"Elektron Hökumət" portalının Operatoru olaraq, tərəfimizdən mütəmadi olaraq bu sahə üzrə maarifləndirmə və təşviqat xarakterli tədbirlər həyata keçirilir və əminliklə deyə bilərik ki, e-xidmətlər barədə cəmiyyətin məlumatlılıq səviyyəsi artdıqca e-arayışların faydası və zəruriyyəti daha da qabarıq şəkildə nəzərə çarpacaq.