"Elektron Hökumət" portalının əməkdaşları Azərbaycan Memarlıq və İnşaat Universitetində Startup Azərbaycan toplantısında iştirak etdilər

2.04.15

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində Startup Azərbaycan toplantısı keçirildi. Tədbirdə Startup Azərbaycan komandasının üzvləri, Rabitə Yüksək Texnologiyalar Nazirliyi (RYTN) yanında İT-nin İnkişafı Dövlət Fondunun və "Elektron Hökumət" portalının operatoru – RYTN-in Məlumat Hesablama Mərkəzinin (MHM) nümayəndələri iştirak etdilər. Startup Azərbaycan toplantısı startuplar və internet biznes sahəsi ilə maraqlanan tələbələr üçün təşkil olunmuşdur.

Toplantını Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz açıq elan etdi və Startup Azərbaycan, "Elektron hökumət" portalı çərçivəsində keçirilən müsabiqələr, İT-nin İnkişafı Dövlət Fondunun qrant layihələri haqqında geniş məlumat verdi.

RYTN yanında İT-nin İnkişafı Dövlət Fondunun nümayəndəsi Fondun məqsəd və vəzifələrindən bəhs etdi, startuplar üzrə ayrılacaq qrantları tələbələrin diqqətinə çatdırdı.

"Elektron Hökumət" portalının operatoru - MHM-in nümayəndəsi portal, e-xidmətlər, e-sənəd, e-imza haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. Həmçinin, Açıq Hökumət Məlumatları, açıq məlumatlar əsasında yaradılan mobil əlavələr barədə şərh verildi. Cari ilin əvvəlində vətəndaşlara təqdim olunan data.gov.az portalı və Açıq Hökumət Məlumatları çərçivəsində "Bax, istifadə et, yarat" mobil əlavələrin hazırlanması müsabiqəsinin elan olunduğu tədbir iştirakçılarının diqqətinə çatdırıldı.

Tədbir tələbələrin sualları əsasında müzakirələrlə davam etdi. Sonda tələbələrə "Elektron Hökumət" portalına daxil olmaq üçün kod/parollar verildi.

Qeyd edək ki, Startup Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İT-nin İnkişafı Dövlət Fondu, Elektron Hökumət Portalının operatoru - MHM və Yüksək Texnologiyalar Parkı dəstək verir.