"Elektron hökumət" portalının operatoru jurnalistlər və İKT ilə maraqlanan tələbələr üçün kurslara başladı

17.03.15

"Elektron hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən 17 mart tarixində jurnalistlər, bloggerlər və İKT-ilə maraqlanan tələbələr üçün "Elektron hökumət" üzrə 2 günlük ixtisasartırma kurslarına start verilmişdir. Məqsəd Elektron hökumət quruculuğu, elektron imza, elektron sənəd və informasiya cəmiyyəti barədə yazan jurnalistlərin peşəkarlığının artırılmasına köməklik göstərmək və bu sahə üzrə maarifləndirmə işlərinə təkan verməkdir. Kurslar Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri, həmçinin İKT sahasəsində tanınmış ekspertlər tərəfindən keçirilir.

Kursların ilk günü Elektron hökumətin hüquqi əsasları, inkişaf mərhələləri, gələcək perspektivlər, Elektron hökumətin infrastrukturu, portalın təqdim etdiyi elektron xidmətlər, Dövlət Reyestrləri, açıq məlumatlar və sair mövzular haqqında iştirakçılara ətraflı məlumat verildi.
Kursların ikinci günündə Elektron hökumətin informasiya və şəbəkə təhlükəsizliyi, fərdi məlumatların mühafizəsi, kiber-cinayətkarlığa qarşı mübarizə, elektron imza və yeni nəsil şəxsiyyət vəsiqələrinin mahiyyəti, əhəmiyyəti və sair mövzular üzrə iştirakçılara geniş informasiya veriləcək.

Kurslar başa çatdıqdan sonra iştirakçılara elektron imza kartları və xüsusi sertifikatlar təqdim ediləcək.