"Elektron Hökumət" üzrə növbəti təlim Bakı Avropa Liseyində keçirildi

10.03.15

2015-ci il üçün təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq 10 mart tarixdə "Elektron Hökumət" portalının operatoru Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən Bakı Avropa Liseyində təhsil alan şagirdlərə "Elektron Hökumət” üzrə təlim keçirildi.

MHM-nin mütəxəssisləri yeniyetmə və gənclərə ölkəmizdə İKT-nin inkişafı, "Elektron Hökumət" quruculuğu, "Elektron Hökumət" portalı, elektron xidmətlər, elektron imza, elektron sənəd barədə ətraflı məlumat verdilər. Şagirdlərə gündəlik həyatda elektronlaşmanın rolu və əhəmiyyəti barədə məlumat verildi, ictimai xidmətlərin elektronlaşdırılmasının mahiyyəti izah edildi. Eyni zamanda dövlətimizin bu sahəyə göstərdiyi qayğı və diqqət barədə şagirdlərə geniş məlumat verildi. Sonra şagirdlərə "Elekton hökumət” portalı üzrə praktiki iş keçirildi.

Təlim sorğu-sual ilə davam etdirildi. Şagirdlərin ictimai xidmətlərin rəqəmsallaşmasına münasibəti öyrənildi, həmçinin, şagirdlər tərəfindən sosial mühitdə aktual olan xidmətlər barədə təkliflər səsləndi.

Müzakirələrdə aktiv iştirak edən şagirdlərə xüsusi hədiyyələr təqdim olundu.

Qeyd edək ki, təşkil olunan belə tədbirlərin əsas məqsədi gənc nəslə elektronlaşmanın mahiyyətini və üstünlüklərini izah etmək, "Elektron Hökumət" portalı barədə maarifləndirmə işləri aparmaq və gəncləri elektron xidmətlərdən daha aktiv şəkildə istifadəyə cəlb etməkdir.