Məlumat Hesablama Mərkəzi Lokal İnternet Şəbəkəsinin qurulması üzərində işləyir

26.02.15

Yarandığı ilk vaxtlarda internet təkcə insanların gündəlik həyatında, əmək fəaliyyətində, eləcə də mədəni-məişət sahəsində aktual və faydalı informasiya əldə etmək vasitəsi idisə, zamanın tələbinə uyğun olaraq o bu müasir dövrdə mühüm sosial xidmət məkanına çevrilmişdir.

XXI əsrin ilk onilliyində sürətlə inkişaf edən və yayılan informasiya və kommunikasiya texnologiyaları, bununla bağlı yeni vüsət almış elektronlaşma prosesləri ölkələrin sosial-iqtisadi həyatına ciddi şəkildə təsir etdi. Ənənəvi idarəçilik metodlarının günün və cəmiyyətin tələblərini ödəməməsi bütün ölkələri innovativ modellərin axtarışına sövq etdi. İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı və innovativ idarəçilik modullarının tədqiqi yeni idarəetmə mərhələsini formalaşdırdı. Yeni mərhələ bürokratik ənənəvi idarəçilik modullarını şəffaf innovativ çözümlə-"Elektron Hökumət" virtual idarəçilik modulu ilə əvəzlədi.

Bu illərdə ölkəmizdə aparılan genişmiqyaslı islahatlar cəmiyyətimizin hərtərəfli sosial-iqtisadi inkişaf pilləsinə yüksəlməsinə şərait yaratdı. Ölkədə yeni texnologiyaların tətbiqi üzrə mühüm addımlar atıldı, dövlət idarəçiliyinin müasir meyarlara uyğun yenidən qurulmasına başlanıldı. Azərbaycanda demokratik cəmiyyətin, şəffaf ictimai münasibətlərin formalaşdırılması məqsədilə elektron idarəetmə sisteminin tətbiq olunması ictimai tərəqqinin zəruri əsası kimi dəyərləndirilərək dövlət siyasətinin başlıca istiqamətinə çevrildi.

Əsrin əvvələrində ölkəmizdə internetdən istifadənin həcmini təhlil etsək görərik ki, şəbəkədən sadəcə məlumat əldə etmək və e-poçt mübadiləsi üçün istifadə, AZ domeynin zəif inkişafı, elektron xidmətlərin və e-ticarətin bütünlükdə olmaması, gərəkli yerli kontentin minimum səviyyədə olması lokal trafik həcmini artırmağa imkan vermirdi. İnternet istifadəçiləri əsasən xarici resurslardan yararlandıqlarından dəyəri baha olan çıxış beynəlxalq kanalı giriş və lokal kanala nisbətən dəfələrlə çox yüklənmiş vəziyyətdə olurdu.

Son zamanlar isə vəziyyət kökündən dəyişməyə başlamışdır, internetdən istifadə daha geniş sahələrə, sosial xidmətlərə tətbiq olunur. "Elektron hökumət” portalının yaranması və bu portal üzərindən dövlət qurumlarının 400-dən artıq elektron xidmətlərinin vətəndaşlara təklif etməsi və bu xidmətlərin sayının gündən-günə artması, "e-ödəniş", "e-ticarət", "e-satınalma" portallarının yaradılması milli domenin inkişafına güclü təkan vermiş və nəticədə ölkəmizdə internet trafikinin həcmi dəfələrlə artmışdır. Bu trafikin böyük bir hissəsini lokal trafik təşkil edir. Daxilə hesablanmış trafikin həcminin xeyli artması qlobal kanalı məşğul edir, eyni zamanda, "E-hökumət” portalına qoşulmada müəyyən problemlər yaradır.

Qlobal internet şəbəkəsindən maksimum səmərəli istifadəni tənzimləmək, bununla internet provayderlərin beynəlxalq kanallarının 35-40% -ə qədər əlavə yüklənməsinin qarşısını almaq, yerli internet resurslardan istifadə zamanı sürəti tənzimləyərək gecikmələri minimuma endirmək, eləcə də daxili internet resurslarının təhlükəsizliyini nəzərə alaraq Məlumat Hesablama Mərkəzi Azdatakom şəbəkəsinin texniki rezurslarını hazırda ölkəmizdə fəaliyyət göstərən 30-dan çox internet provayderə təqdim edərək daxili internet şəbəkəsi yaratmağı təklif etmişdir.İlk vaxtlar internet provayderləri arasında 1 Gb saniyə sürətli kanalın yaradılması nəzərdə tutulur. Trafikin həcmi artdıqca kanalın sürətinin artacağı da istisna deyil.