Dövlət Reyestri "Elektron hökumət" portalının tərkib hissəsidir…

19.02.15

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2013-cü il tarixli 813 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Elektron hökumət” portalı haqqında Əsasnamə”yə əsasən dövlət informasiya ehtiyatlarının reyestri "Elektron hökumət” portalının texniki-texnoloji infrastrukturunun əsas komponentlərindən biri kimi müəyyən edilmişdir. Dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrləri "Elektron hökumət” portalının Operatoru olaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (bundan sonra – MHM) tərəfindən aparılır. Reyestrlərin formalaşdırılmasına 2012-ci ilin dekabr ayında başlanılmışdır və keçən dövr ərzində 79 dövlət informasiya ehtiyatı və 155 fərdi məlumatların informasiya sistemi reyestrlərdə dövlət qeydiyyatına alınmışdır.

Dövlət reyestrində qeydiyyata alınmış informasiya sistemlərində fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsinin "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə, habelə məlumatların və onların işlənmə üsullarının İS-lərinin bəyan olunmuş məqsədlərinə, İS-lərinin "İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin "Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”ə uyğunluğunun yoxlanılması məqsədilə MHM tərəfindən mütəmadi olaraq monitorinqlər keçirilir.

Monitorinqlər zamanı əsasən aşağıdakı məsələlərə diqqət yetirilir:

  •  ­informasiya ehtiyatlarının FİN-ə uyğunluğu;
  • fərdi məlumatların mühafizəsinin müəyyən olunmuş tələblərə uyğun təşkili;
  • informasiya ehtiyatlarında məlumatlar bazasının strukturu ilə tanışlıq, bazalar arası relativlik prinsiplərinin yoxlanılması;
  • fərdi məlumatların toplanılmasının və işlənilməsinin mülkiyyətçi və ya operator tərəfindən bəyan edilmiş məqsədlərə uyğunluğu;
  • digər əlaqəli informasiya sistemləri ilə informasiya mübadiləsi üsulları və kateqoriyalarının monitorinqi;
  • informasiya sistemlərinin və ehtiyatlarının Portala qoşulması və onların tələblərə uyğunluğunun yoxlanılması;
  • informasiya sisteminin və ehtiyatlarının "Elektron hökumət”portalı ilə əlaqəli olan komponentlərinin tələblərə uyğunluğu;
  • informasiya sisteminin SOAP (SimpleObject Access Protocol) vasitəsilə sorğularla işləmə imkanı;
  •  dövlət orqanlarının informasiya sistemlərinin və ehtiyatlarının qarşılıqlı inteqrasiyasının təmin edilməsi məsələləri;
  • dövlət orqanları tərəfindən təqdim olunan elektron xidmətlərin optimallaşdırılma imkanlarının araşdırılması;
  • qanunvericiliyə uyğun sair aidiyyəti məsələlərin monitorinqi.

Monitorinqlərin əsas məqsədi həm də, informasiya ehtiyatlarının qanunvericiliklə müəyyən edilmiş şəkildə toplanılması, mühafizə edilməsi və digər dövlət qurumlarına "bir pəncərə” prinsipi əsasında ötürülməsinə nəzarət, texniki-proqram çatışmazlıqların müəyyən edilməsi və onların aradan qaldırması üçün təkliflərin və tələblərin hazırlanmasından ibarətdir.

Monitorinqlər tam başa çatdıqdan sonra digər dövlət qurumları tərəfindən bir sıra elektron xidmətlərin göstərilməsi üçün həmin quruma məxsus İS-lərinin "Elektron hökumət”portalına qoşulması və uyğun servislərin verilməsi və eyni zamanda əksinə, həmin qurumun digər dövlət qurumlarının uyğun servislərinə qoşulması üçün konkret təkliflər hazırlanacaq.