Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən "E-government 3.0 - Açıq hökumət, açıq məlumatlar, açıq servislər" mövzusunda - www.data.gov.az - Açıq Hökumət Məlumatları portalının təqdimatı keçiriləcək

13.01.15

 Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən yanvarın 14-də saat 11:00-da Hilton Baku Hotelinin Sevda zalında "E-government 3.0 - Açıq hökumət, açıq məlumatlar, açıq servislər” mövzusunda www.data.gov.az - Açıq Hökumət Məlumatları portalının təqdimatı keçiriləcək.

Açıq məlumatlar Elektron Hökümət quruculuğunda yeni bir inkişaf mərhələsidir. www.data.gov.az portalı vasitəsi ilə vətəndaşlar və biznes strukturları dövlət orqanları tərəfindən yaradılan və açıq elan edilən məlumat bazalarını asanlıqla tapa, fərdi yönümlü xidmətlərin hazırlanması üçün istifadə edə biləcəklər.
Elektron Hökumət Portalının tərkib hissəsi olmaqla www.data.gov.az portalı dövlət orqanlarının məlumatlar toplusunu, o cümlədən məlumatlar toplusuna və əlavə vasitələrə giriş tapmaq üçün informasiyanı özündə əks etdirir. Mövcud qnunvericiliyə uyğun olaraq təqdim olunan açıq məlumatlar müntəzəm olaraq yenilənəcək və təkmilləşdiriləcək.

www.data.gov.az portalının əsas məqsədi məlumatların istifadəsi və onların əsasında veb və mobil əlavələrin yaradılması vasitəsilə cəmiyyətə dövlətin idarə edilməsində iştirak etmək imkanının yaradılmasıdır və portalının müvəffəqiyyəti əhalinin və biznes strukturların nə dərəcədə portal və məlumatlarla işləməsinə cəlb olunmasından asılıdır. Eyni zamanda açıq dövlət məlumatlarına rahat giriş imkanı, əlavə dəyərin yaradılması, innovativ ideyaların rəğbətləndirməsi, təhlil və tədqiqatların asanlaşdırılması, hökümət işinin şəffaflığı və dövlət orqanlarının effektliyinin və səmərəliliyinin artırılması məqsəd kimi qarşıya qoyulmuşdur.
İstifadəçilərin rəyi nəzərə alınmaqla www.data.gov.az portalının daima təkmilləşdirilməsi nəzərdə tutulur və bunun üçün "Elektron hökumət” portalında yaradılmış "Əks əlaqə”, "E-gov Fikr bankı” bölmələrindən istifadə olunacaq.