Kiprdə "E-Hökumət"in strateji əhəmiyyəti və keçdiyi inkişaf yolu

9.01.15

İlk dəfə Kipr dövləti 1987-ci ildə informasiya ehtiyaclarını nəzərdən keçirmək və namizəd ərizələrinin müəyyən edilməsinin elektronlaşdırılması məqsədilə strateji tədqiqatlara start vermişdir. Bu tədqiqatlara istinadən 1989-cu ilin mart ayında Nazirlər Kabineti tərəfindən "Hökumətin Elektronlaşdırılması" master planı qəbul edildi.

1998-ci ildə Nazirlər Kabineti "Hökumətin Elektronlaşdırılması" planının təkrar versiyasını təsdiqlədi. Avropa Birliyinə üzvlük şərtləri, sürətli texnoloji dəyişiklər, artan istifadəçi tələbləri bu planın yenilənməsini, milli İnformasiya Sistemləri Strategiyasını tənzimləmək məqsədilə yeni infrastruktur və layihələrin daxil edilməsini zəruriləşdirdi.

Bu strategiya çərçivəsində bir çox informasiya sistemləri, Hökumətin İnformasiya Şəbəkəsi, yaradıldı. İnformasiya cəmiyyətinin artan tələblərinə uyğunlaşmaq üçün strateji layihələr mütəmadi şəkildə davam etdirilərək onların çərçivəsi genişləndirilirdi.

İnformasiya texnologiyalarının inkişafı, İnformasiya Sistemləri Strategiyasının yenilənməsi, AB direktivi, xüsusilə də, e-Avropa+ və eAvropa2002 Fəaliyyət Planları ilə ilk dəfə 2002-ci ildə Kiprdə E-Hökumət vizyonuna start verildi. Tezliklə, E-Avropa Fəaliyyət Planlarının bir çox hədəflərinə nail olundu, həmçinin, Kipr dövləti Avropa Şurasının Lissabon Strategiyasını inkişaf etdirməyə başladı.

"Bir pəncərə" prinsipi üzrə e-xidmətlərin vahid veb-portaldan təqdim edilməsi "E-hökumət"lə bağlı hədəflərdən ən mühümü idi. Hazırda Kipr dövlətinin "E-Hökumət" portalı (http://www.cyprus.gov.cy) vasitəsilə vətəndaşlara e-xidmətlər təqdim edilməklə yanaşı, həm də bu portal ictimai informasiyaların və xidmətlərin giriş qapısı hesab edilir. "E-hökumət" infrastrukturu cəmiyyətə daha keyfiyyətli və təhlükəsiz xidmətlərin təqdim edilməsi üçün mütəmadi olaraq təkmilləşdirilməkdədir. Artıq 2010-cu ildə "Hökumətin Təhlükəsiz Şlüz"ünün yaradılması məqsədilə müxtəlif Hökumət İnformasiya Sistemlərinin birgə fəaliyyəti təmin edilmişdir.

"Elektron Hökumət" portalı üzərindən yüksək keyfiyyətli xidmətlərin təmin edilməsi üçün istifadəçiyönümlü sistemlərin inkişafı davam etdirilir. Hazırda bir çox istifadəçi yönümlü e-xidmətlər qruplaşdırılaraq, portal üzərindən təqdim edilir. Bu qruplara əsasən onlayn ödənişlər, onlayn şikayətlər, avtomobillərlə bağlı onlayn xidmətlər, işlə bağlı onlayn xidmətlər və s. misal göstərmək olar.

  • "Onlayn ödənişlər" bölməsinin tərkibində
  •  Mobil telefon haqqlarının ödənilməsi;
  •  Yol Vergi Lisenziyasının yenilənməsi;
  •  Ovçuluq Lisenziyasının yenilənməsi;
  • Sosial Siğorta Haqqlarının onlayn ödənilməsi;
  • Siğorta Ödənişləri;
  • Məktəb və universitet haqqlarının onlayn ödənilməsi;
  • Bilet ödəmələri (ödənişli yollardan istifadə üçün) və s. müxtəlif qurumlara aid ödəmə əməliyyatları mövcuddur.

 Kipr dövlətinin "Elektron Hökumət " portalı üzərindən təqdim edilən "Yol Vergi Lisenziyasının Yenilənməsi" və "Ovçuluq Lisenziyalarının Yenilənməsi" e-xidmətləri bu tipdən olan vaxtı keçmiş yenilənməli sənədlərin onlayn icrasının mümkünlüyünün əyani nümunəsidir.

Bütün məktəb və universitetlər üzrə təhsil ödənişlərinin onlayn icrası Kipr dövlətində təhsil alan bütün yerli və xarici tələbələrin təhsil həyatını ilk pillədən sadələşdirir.

Portal üzərindən interaktiv xidmətlərlə yanaşı bir çox informativ xidmətlər də təqdim edilir. Dövlətin mövcud qanunvericiliyinə uyğun informativ xidmətlər, müraciət formaları və ərizələr müvafiq bölmələr üzrə vətəndaşlara təqdim edilir.

2014-cü ilin aprel ayında Kipr dövləti aşağıdakı məsələləri prioritet seçərək 2014-2020-ci il üçün eHökumət Strategiyası hazırlamışdır:

  •  Əməliyyatlar üçün ödənişləri azaltmaq və ictimai xidmətlərin potensialını artırmaq;
  • Daha uyğun, əlçatan, tam elektronlaşmış, sadə və təhlükəsiz e-xidmətləri təmin etmək;
  • Avropa səviyyəsində sərhədlərarası əməkdaşlığı sadələşdirmək.

 Əminliklə söyləmək olar ki, sosial xidmətlərin elektronlaşması ictimai qayğıların çoxaldığı, informasiya texnologiyalarının yüksək inkişaf etdiyi bir dövrdə iqtisadi, sosial tərəqqinin təmin edilməsi üçün yeganə həll yoludur.