Azərbaycanda "İKT ili"nin elan edilməsi elektron xidmətlərin tətbiqini sürətləndirəcək

16.01.13

2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi Azərbaycanın dövlət və özəl müəssisələri tərəfindən elektron xidmətlərin tətbiqi prosesini sürətləndirəcək. Bu barədə Azərbaycan İnternet Cəmiyyətinin sədri Qalib Qurbanov bildirib. Qurbanovun sözlərinə görə, 2013-cü ildə əsas və prioritet vəzifələrdən biri genişzolaqlı internetin inkişafına yardım edəcək genişzolaqlı xidmətlərin hər yerdə inkişafıdır.
 
"Genişzolaqlı internet vətəndaşların hər yerdə elektron xidmətlərə çıxışında mühüm rol oynayır. Genişzolaqlı girişin inkişafında əsas üstünlük rabitənin optik xətlərinə veriləcək. Azərbaycanın birinci telekommunikasiya peyki "Azerspace-1" böyük rol oynayacaq", - Qurbanov deyib. Ekspertin fikrincə, genişzolaqlı infrastrukturun inkişafı ilə paralel olaraq, bu sahədə istifadəçilərin ehtiyaclarını, məhz elektron xidmətlərin yayılmasını inkişaf etdirmək lazımdır.
 
Onun sözlərinə gör, elektron xidmətlərin tətbiqi templəri hələ o qədər də nəzərəçarpan deyil. Lakin Azərbaycan İnternet Cəmiyyətinin sədri hesab edir ki, bu sahədə işlərin sürətlənəcəyi gözlənilir. Buna Prezidentin 2013-cü ili "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan etməsi təkan verəcək. "Güman edirəm ki, bu il elektron xidmətlərin tətbiqi templərinin daha çox sürətlənməsi üçün kifayət qədər vəsait ayrılacaq. Elektron xidmətlərin tətbiqində başlıca vəzifə bu istiqamətdə fəallaşacağını güman etdiyim özəl sektorun qarşısında dayanır. Söhbət bank, ticarət və digər sahələrdə elektron xidmətlərin tətbiqindən gedir. Bu, çox böyük həcmdə işlərdir və hesab edirəm ki, bu prosesə təkcə dövlət strukturları deyil, özəl kapital da cəlb olunmalıdır", - Qurbanov deyib.