2014-cü il Məlumat Hesablama Mərkəzi üçün bir çox uğurlu layihələrlə yadda qaldı

30.12.14

2014-cü il ərzində Məlumat Hesablama Mərkəzi tərəfindən bir çox uğurlu layihələr həyata keçirilmişdir və MHM-in bütün fəaliyyət sahələri üzrə qarşıya qoyulan məsələlər öz həllini tapmışdır. 2014-cü ildə MHM tərəfindən görülmüş işlərin qısa təsnifatını belə xarakterizə etmək olar:

  • Naxçıvan MR ərazisində kommunal xidmət haqlarının yığımı üzrə avtomatlaşdırılmış qeydiyyat sisteminin yaradılması məqsədilə məlumat bazası yaradılmış və proqram təminatı yazılmışdır. Hazırda MR üzrə layihənin tam şəkildə istismarı həyata keçirilir.
  • Naxçıvan MR ərazisində işləyən stasionar və CDMA (simsiz) telefonların şəhərlərarası və beynəlxalq danışıq, aylıq abunə və internet borcları barədə avtomatik xəbərdar edilməsi sistemi yaradılmışdır və tətbiq olunur. Müəyyən olunmuş tarixədək borcları ödənilməyən stasionar və CDMA telefonları xəbərdar edildikdən sonra avtomatik olaraq birtərəfli bağlanılır və ödəniş edildikdə avtomatik olaraq şəbəkəyə qoşulur.
  • MHM-in operatoru olduğu AzDataCom-un əhatə dairəsi daha da genişləndirilmiş və göstərilən xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması üzrə bir sıra işlər görülmüşdür.
  • Elektron Hökumət layihəsinin icrası üzrə görüləcək işlər plan və qrafik üzrə həyata keçirilmişdir. 29.12.2014-cü il tarixə olan məlumata görə portala 48 qurum üzrə 396 e-xidmət inteqrasiya edilmişdir. Cari il yeni qurumların portala qoşulması, yeni xidmətlərin elektronlaşdırılaraq portala inteqrasiyası, portalda mövcud xidmətlərin təkmilləşdirilməsi, mövcud qanunvericilik çərçivəsində qurumlar arasında informasiya mübadiləsinin təşkili, istifadəçi yönümlü yeni funsionallıqların yaradılması kimi mühüm addımlarla yadda qaldı. 2014-cü il portalın istifadəçi yönümlü interfeysinin inkişaf etdirilməsi baxımından çox önəmli olmuşdur. Belə ki, mövcud elektron xidmətlərin sadələşdirilməsi, yeni funksionallıqların yaradılması üzrə bir sıra işlər görülmüşdür:

  • "Qeyri rezident", "Vətəndaş", "Sahibkar", "Qeydiyyatsız xidmətlər" bölməsinin yaradılması;
  •  Şəxsi kabinetin yaradılması;
  • "Əks Əlaqə" bölməsinin yaradılması;
  • "Mənim xidmətlərim" bölməsinin yaradılması;
  • E-gov yeniliklərinə abunə ol servisi və sair.

Sosial əhəmiyyətli "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" və "Əmək  bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" elektron xidmətlərinin istifadəyə verilməsi əmək qanunvericiliyi və    əhalinin sosial rifahının yüksəldilməsi naminə atılan mühüm addımdır.
  • "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidməti istifadəyə verilmişdir və bu elektron xidmətin sayəsində hazırda bir sıra Banklar MHM ilə əməkdaşlıq edərək daha bir kağız əməliyyatını, iş yerindən arayış təqdim edilmə əməliyyatını ləğv etməkdədirlər.
  • Dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin dövlət Reystrlərinə informasiya ehtiyatları və fərdi məlumatların informasiya sistemləri barədə məlumatların daxil edilməsi üçün qurumlarla müvafiq iş aparılmış, 78 dövlət informasiya ehtiyatları və 153 fərdi məlumatların informasiya sistemləri barədə məlumatlar Reyestrlərə daxil edilmiş və Reyestrdən çıxarışlar təsdiq edilərək aidiyyətı qurumlara təqdim olunmuşdur.
  • "Ott.az” İP televiziya xidmətinin tətbiqi və istismarı üzrə billinq sistemi hazırlanmış və istismara verilmişdir.
  • APUS vasitəsilə rabitə xidmət haqlarının qəbul edilməsi üçün proqram təminatı hazırlanmış və Respublika ərazisində fəaliyyət göstərən bütün banklar bu sistemə qoşulmuşdur.
  • "EasyPay” ödəniş sistemi vasitəsilə rabitə xidmət haqlarının yığılması üçün müvafiq müqavilələr imzalanmış və billinq sistemi yazılaraq istismara verilmişdir.
  • "ExpressBank” ödəniş sistemi vasitəsilə rabitə xidmət haqlarının yığılması üçün müvafiq müqavilələr imzalanmış və billinq sistemi yazılaraq istismara verilmişdir.
  • 01.02.2014-cü il tarixdən mobil nömrə daşınması xidmətlərinin göstərilməsinə başlanılmışdır və keçən müddət ərzində 12 mindən çox abunəçi bu xidmətfən istifadə etmişdir.
  • Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) istismara verilmiş və mobil cihazların qeydiyyat işlərinə başlanılmışdır. Mobil cihazların qeydiyyatının aparılmasında məqsəd abunəçilərin mobil cihazlardan rahatlıqla istifadə edilməsinə şərait yaradılmasından, mənşəyi bilinməyən, texniki parametrləri standartlara uyğun olmayan, keyfiyyət əmsalları aşağı olan və insan orqanizmi üçün zərərli elektromaqnit şüalanmaları yayan mobil cihazların ölkəyə idxalının qarşısının alınmasından, həmçinin istehsalçı şirkətlərin tanınma dərəcəsinin və rəqabət qabiliyyətinin yüksəlməsinin təmin edilməsindən ibarətdir. Eyni zamanda, qeydiyyat sistemi itirilən mobil cihazların şəbəkədə istifadəsini mümkünsüz edir.
  • MHM tərəfindən "E-imza" infrastrukturu üzrə nəzərə çarpacaq işlər görülmüş, daxili əməliyyatları xeyli sadələşdirən yeni proqramlar tətbiq edilmişdir. Bu il e-imza.az saytı üzrə yeni onlayn imzalama sistemi istismara verilmişdir. Ölkədə elektron imzaya maraq artmışdır və MSXM tərəfindən təqdim edilən e-imzaların sayı 28 mini keçmişdir.
  • MHM informasiya texnologiyaları, "Elektron hökumət" sahəsində yerli eləcə də, beynəlxalq səviyyədə keçirilən müxtəlif tədbirlərdə, sərgilərdə, konfranslarda fəal iştirak etmiş və "Elektron hökumət"in təbliğatı istiqanətində lazımit ədbirlər həyata keçirmişdir.
  • MHM-in "157” Zəng (çağrı) mərkəzi yeni platformaya keçirilmişdir.
  • MHM informasiya texnologiyaları və təhlükəsizliyinin təminatı sistemi üzrə "ISO/İEC 27001:2005” (İSO 27001) beynəlxalq standart sertifikatına layiq görülmüşdür və qeyd edirik ki, MHM respublikada informasiya təhlükəsizliyi üzrə bu sertifikatı əldə edən ilk dövlət qurumudur.

 2015-ci ildə MHM-in qarşısında duran vəzifələr, görülməli işlər daha çoxdur. MHM-in kollektivi bunun məsuliyyətini yaxşı başa düşür və 2015-ci ildə də onun qarşısında qoyulan bütün vəzifə və tapşırıqların öhdəsindən gəlmək üçün var gücünü sərf edəcəkdir.