"Elektron hökumət" infrastrukturunun və elektron xidmətlərin monitorinqi və qiymətləndirilməsi üzrə Hesabat açıqlandı

22.12.14

Bu gün BMM-də "Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyinin Azərbaycanda elektron xidmətlərin vəziyyəti ilə bağlı 2011-ci il dekabr ayında açıqlanmış ilk monitorinq nəticələrindən sonra, ikinci hesabatı açıqlandı. Tədbiri İctimai Birliyin İcraçı direktoru Rəna Səfərəliyeva açaraq, hesabatın hazırlanması üçün gərgin əmək sərf edildiyini qeyd etdi və hesabatın təqdimatı üçün sözü "Şəffaflıq Azərbaycan” təşkilatının layihə koordinatoru Məhəmməd Muradova verdi.

M. Muradov elektron hökumət konsepsiyası və quruluşu çərçivəsində elektron xidmətlərin qiymətləndirilməsini 3 kriteriya: elektron inkişaf, elektron şəffaflıq, elektron iştirakçılıq əsasında aparıldığını bildirdi. Elektron xidmətlərin monitorinqinin təşkilat tərəfindən müəyyən edilən 5 elektronlaşma səviyyəsinə müvafiq dəyərləndirildiyini qeyd etdi. Muradov qiymətləndirmədə əsasən 30 elektron xidmətin prioritet seçildiyini açıqladı. Bəzi elektron xidmətlərin monitorinq nəticələrini tədbir iştirakçıları ilə bölüşən Məhəmməd Muradov keçən dövr ərzində əldə olunan nailiyyətlərdən danışdı, eyni zamanda irad və tövsiyyələrini tədbir iştirakçılarının nəzərinə çatdırdı.

Sonra, RYTN-nın Məlumat Hesablama Mərkəzinin şöbə müdiri İlqar Abdullayev çıxışında tədbir iştirakçılarına "Elektron Hökumət" portalının keçdiyi inkişaf mərhələlərindən bəhs edərək statistik göstəriciləri müqayisəli şəkildə diqqətə çatdırdı. İ.Abdullayev sosial xidmətlərin tam elektronlaşması və bir sıra elektron xidmətlərin kütləviləşməsi qarşısında dayanan problemləri tədbir iştirakçılarının nəzərinə çatdırdı. Həmçinin, bir sıra qurumların informasiya ehtiyatlarının və sistemlərinin portala inteqrasiya olunmaması, elektronlaşdırılması zəruri olan bir çox xidmətlərin hələ də elektronlaşdırılmaması və hələ də, bir çox dövlət qurumları tərəfindən elektron xidmətlərin "bir pəncərə" prinsipinə uyğun təqdim edilməməsi məsələlərinə öz münasibətini bildirdi. Qeyd olundu ki, elektron xidmətlərin "bir pəncərə" prinsipinə uyğun təqdim edilməməsi səbəbindən e-xidmətlərdən istifadə barədə təqdim olunan statistika bəzən reallığı əks etdirmir. İ. Abdullayev "Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyinin Azərbaycanda elektron xidmətlərin vəziyyəti ilə bağlı keçirdiyi monitorinqləri və hazırlanan hesabatı yüksək qiymətləndirdiyini qeyd etdi, hesabatda göstərilən irad və tövsiyyələrin MHM tərəfindən araşdırılaraq nəzərə alınacağını söylədi.

Tədbirdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Daxili İşlər Nazirliyi, Satınalmalar üzrə Dövlət Agentliyi, Asan Xidmət və s. qurumların nümayəndələri iştirak edirdilər. Bir çox qurumların nümayəndələri çıxış edərək, hesabatla bağlı öz fikirlərini bildirdilər. Tədbir iştirakçıların qarşılıqlı müzakirələri ilə yekunlaşdı.