Yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi e-imzanın kütləviləşməsinə kömək edəcək

0.00.00

Hazırda ölkəmizdə istifadə olunan şəxsiyyət vəsiqələri 1994-cü ildə qəbul edilmiş "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanuna əsasən tətbiq edilir. Texnologiyanın inkişafı, tanıma cihazlarının, informasiya oxuyan vasitələrin yaradılması, həmçinin cihaz tərəfindən oxuna bilən elektron informasiya çeşidlərinin artması elektronlaşan ictimai vasitələr sırasına şəxsiyyət vəsiqəsinin də əlavə edilməsinə zərurət yaradır.

Prezident İlham Əliyev 8 fevral 2012-ci il tarixində"Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Fərman və bu istiqamətdə görülən tədbirlərin sürətləndirilməsi məqsədilə 28 noyabr 2014-cü il tarixində "Azərbaycan Respublikasında yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Sərəncam Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi sahəsində aparılan işlərin sürətləndirilməsi və ölkədə elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsi məqsədi daşıyır.

Elektron daşıyıcısı (çipi) olan yeni nəsil şəxsiyyət vəsiqələrinin bir özəlliyi də onlara şəxsiyyət vəsiqəsi sahibinin elektron imzası və identifikasiyası ilə bağlı sertifikatların daxil ediləcəyidir. Nəticədə yeni vəsiqələr şəxsiyyəti identifikasiya etməklə yanaşı, həmçinin, elektron sənədlərin imzalanmasında da istifadə ediləcək.

Sərəncama əsasən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni sertifikat xidmətləri mərkəzinin və onun ehtiyat mərkəzinin yaradılmasını və şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi zamanı vəsiqələrin elektron daşıyıcısına daxil edilməsi üçün İAMAS vasitəsilə verilən sertifikat sorğuları əsasında vəsiqə sahibinin gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatların şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi mərkəzlərinə real vaxt rejimində ötürülməsini; şəxsiyyət vəsiqəsi sahibinin gücləndirilmiş elektron imzasından istifadə ilə əlaqədar vətəndaşlardan daxil olan sualların operativ cavablandırılması məqsədi ilə telefon məlumat xidmətinin yaradılmasını və fəaliyyətini təmin edəcək.

Yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha üstün olacaq. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdiriləcəkdir.Bu vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edəcək.

Sərəncam ilə aidiyyəti dövlət qurumları qarşısında qoyulmuş tapşırıqlar yeni nəsil şəxsiyyət vəsiqələrinin köməyi ilə təkcə portal üzərindən "vahid pəncərə” prinsipinin reallaşdırılmasını deyil, eyni zamanda elektron xidmətlərin keyfiyyətinin yüksəlməsini, xidmətlərə çəkilən dövlət xərclərinin azalmasını, yeni elektron xidmət növlərinin yaranmasını, bürokratik əngəllərin aradan qaldırılmasını, nağdsız hesablaşmaların artmasını, elektron ticarətin inkişafına kömək etməklə yanaşı bütünlükdə ölkəmizdə elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsini təmin edəcəkdir.

Qeyd edək ki, Nazirlər Kabinetinə şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi zamanı vəsiqənin elektron daşıyıcısına vəsiqə sahibinin gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatların, elektron imza yaratma və elektron imzanı yoxlama məlumatlarının daxil edilməsi ilə bağlı qanunvericilik aktlarında dəyişikliklər edilməsi barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; bu sərəncamda nəzərdə tutulan işlərin 2015-ci il dekabrın 1-dək başa çatdırılması üçün həmin işlərin aidiyyəti dövlət orqanlarının əsaslandırılmış müraciətləri əsasında maliyyələşdirilməsini təmin etmək və bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.