Bakuteldə "Elektron Hökumət" portalının təqdim etdiyi elektron arayışlar əhalinin böyük marağına səbəb oldu

5.12.14

Bakı Ekspo Mərkəzində 2-5 dekabr tarixlərini əhatə edən telekommunikasiya və informasiya texnologiyaları sahəsində Xəzər və Qafqaz regionlarının ən böyük tədbiri olan "Bakutel-2014" sərgisi artıq başa çatır. Xəbər verdiyimiz kimi "Elektron hökumət” portalında e-xidmətlərdən istifadənin artırılması məqsədilə və vətəndaşların e-xidmətlərə olan marağını nəzərə alaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən "Bakutel-2013" sərgisində "Elektron Hökumət Portalı” pavilyonu quraşdırılmışdır.

Çox sevindirici haldır ki, bu il də "Elektron hökumət portalı” pavilyonu sərgi iştirakçılarının böyük marağına səbəb oldu və sərginin dördüncü günü də vətəndaşların bu pavilyona axını davam edir. Bu il vətəndaşlarımızı ən çox cəlb edən portal vasitəsilə təqdim edilən elektron arayışlar oldu. MHM-in əməkdaşları tərəfindən vətəndaşlara heç bir yerə getmədən portal vasitəsilə aşağıdakı arayışların elektron şəkildə əldə olunması barədə məlumat verilmişdir:

1.Yaşayış yeri barədə elektron arayışın verilməsi

2.Diplom barədə elektron arayışın verilməsi

3. Rabitə xidmət borcları olmaması barədə elektron arayışın verilməsi

4. Kommunal xidmət borcları olmaması barədə elektron arayışın verilməsi

5. Abituriyentin ali məktəbə daxil olması barədə elektron arayışın verilməsi

6. İş yeri və əmək haqqı barədə elektron arayışın verilməsi

7. Sağlamlıq barədə tibbi elektron arayışın verilməsi

8. Pensiya kapitalı barədə elektron arayışın verilməsi

9. Portal vasitəsilə bəzi etibarnamələrin verilməsi

10. Şəxsiyyət vəsiqəsinin elektron sürəti

Vətəndaşlara izah olundu ki, bu arayışların çap edilməsi və elektron şəkildə istənilən e-poçt ünvanına göndərilməsi mümkündür. Qeyd edək ki, bu xidmətlər müxtəlif qurumlar tərəfindən vətəndaşlardan ən çox tələb olunan arayışlardır. Bu arayışların elektron formada təqdimi vaxta qənaətlə yanaşı rüşvətin, süründürməçiliyin qarşısını alacaq və bürokratik maneələri aradan qaldıracaq.

Bundan başqa pavilyona müraciət edən vətəndaşlara portala daxil olmaq üçün sadələşdirilmiş kod-parollar verilmiş və bir çox çox iştirakçılara ödənişsiz e-imza vəsiqəsi və kart oxuyucusu təqdim edilmişdir.