"Elektron Hökumət" quruculuğunda yeni mərhələ - Açıq Hökumət Məlumatları

28.11.14

Elm və Texnologiya əsri sürətlə inkişaf etməkdədir və dünən müasir hesab edilən metodlar bu gün aktual olmur və daha yeniləri ilə əvəz olunmasına ehtiyac duyulur. İnformasiya cəmiyyətinin inkişafında aparıcı rola malik olan "Elektron hökumət" portalının daima inkişaf etdirilməsi üçün innovativ yeniliklərin öyrənilməsi və tətbiqi əsas prioritet məsələlərdəndir. Qlobal sferada gedən bütün transformasiya prosesləri "Elektron Hökumət portalının" praktikasında əks etdirilməli, müsbət cəhətlər mənimsənilərək tətbiq edilməli və göstərilən elektron xidmətlər ictimai rəy əsasında daima təkmilləşdirilərək istifadəçilərə təqdim edilməlidir.
Bu gün "Elektron Hökumət" portalı dövlət və hökumət səviyyəsində idarəçilik metodu kimi tətbiq edilir və portala inteqrasiya olunmuş hər xidmət, bir qurumun qapısı rolunu oynayaraq 24 saat vətəndaşlara xidmət edir."Elektron Hökumət" infrastrukturu yaradıldığı gündən bu günə qədər bir neçə inkişaf mərhələsi keçmişdir. Bu mərhələləri aşağıdakı kimi ümumiləşdirmək olar:
- E-hökümət 1
- E-hökümət 2
- E-hökumət 3
E-hökumət 1. "E-hökumət" infrastrukturunun öz inkişaf dövründə keçdiyi ilk pillə onun formalaşdırılması mərhələsini əhatə edir. Bu dövr hökumətyönümlü xidmətlərlə, əməkdaşlıqlarla, tədbirlərlə xarakterizə olunur. Dövlət səviyyəsində məlumatların elektronaşdırılması bu mərhələnin ilkin pilləsi hesab edilir.

E-Hökumət 2. Sonra "E-hökumət" infrastrukturu yeni mərhələdə inkişaf etdirildi. Bu mərhələ mahiyyəti etibarı ilə vətəndaşyönümlü xidmətlərin "bir pəncərə prinsipi" əsasında cəmiyyətə təqdim edilmə prosesindən ibarətdir. Bu mərhələdə məlumatların bir qismi məhdud çərçivədə istifadəçilər üçün hazırlanaraq portal üzərindən təqdim edildi. Bura istifadəçiyönümlü interfeysin hazırlanması, portalın funksiyalarının artırılması, qeydiyyatın sadələşdirilməsi və təbliğat-təşviqat tədbirləri də aiddir.

E-Hökumət 3. "Elektron hökumət" quruculuğunun bu mərhələsini "Açıq Hökumət Məlumatları" başlığı altında ifadə etmək mümkündür.
Bu mərhələ "Elektron Hökumət" quruculuğu üzrə beynəlxalq İKT sahələrinin praktikadan keçirdiyi yeni mərhələdir və "Hökumət Məlumatlarının" açıq şəkildə istifadəyə verilmə mərhələsidir. Bu mərhələ "OPEN GOVERNMENT DATA"-"AÇIQ HÖKUMƏT MƏLUMATLARI" kimi tanınır.

"Açıq Hökumət Məlumatları" azad şəkildə heç bir məhdudiyyət qoyulmadan istənilən şəxs tərəfindən istənilən məqsədlə istifadə edilən, şəkli dəyişdirilərək başqa formaya salınan (sxem, xəritə, diaqram və s.) və paylaşılan məlumatlardır.Bu məlumatlar mobil proqramların hazırlanmasında istifadəsi üçün nəzərdə tutulur və bütün əməliyyat sistemləri tərəfindən oxuna bilən formatda olmalıdır. "Açıq Hökumət Məlumat"-ları çoxçeşidli məlumatları əhatə edir. Bu məlumatlar əsasən real vaxt məlumatları (hava proqnozu, nəqliyyat, birja və s.) və statistik məlumatlar olaraq iki növdə qruplaşdırılır. Beynəlxalq praktikaya əsasən "Açıq Hökumət Məlumat"-ları aşağıdakı prinsiplər üzrə təmin edilməlidir:
- Tamlıq - bütün ictimai məlumatlar əlçatan edilməlidir. Bu məlumatlara məxfiliyi qorunmalı fərdi məlumatlar aid deyil.
- Üstünlük - məlumatlar ümumiləşdirilmiş və ya dəyişdirilmiş formada deyil, ən yüksək detalizasiya səviyyəsində mənbədə toplanılmış şəkildə emal edilməlidir.
- Zamanlama daxilində - məlumatların mahiyyətinin itməməsi məqsədilə lazım olduğu qədər tez və operativ hazırlanmalıdır.
- Fiziki və elektron şəkildə əldə etmə asanlığı - məlumatlar ən geniş həcmli məqsədlər üçün ən geniş istifadəçi kütləsinə əlçatan edilməlidir.
- İT cihazlar tərəfindən oxuna bilinən - məlumatlar avtomatik işləmləri təmin edəcək şəkildə formalaşdırılmalıdır.
- İnformasiya bərabərsizliyinə yol verilmədən - məlumatlar hər kəs üçün qeydiyyat tələbi olmadan əlçatan edilməlidir. Məlumatların istifadə olunmasına heç bir ayrıseçkilik qoyulmamalıdır. Məsələn: "Yalnızca qeyri-kommersiya sahələrinin istifadəsi üçün" məhdudiyyəti qoyulursa, bu o deməkdir ki, kommersiya sahələri və kommersiya məqsədilə istifadə oluna bilməz.
- Sənədləşdirmə - məlumatlar heç bir müəllif haqqı, patent, ticarət nişanı və ya ticarət sirr tənzimləməsinin subyekti deyil.

Bu işdə "Açıq Hökumət Məlumat"-larını təmin edən dövlət qurumlarının öhdəsinə düşən başlıca vəzifələr:
- Açıq Hökumət məlumatlarının müəyyən edilməsi;
- İT cihazlar tərəfindən oxuna bilən formatda toplanılması;
- Bir pəncərədən vətəndaşlara təqdim edilmə;
- Bu işə vətəndaş marağının artırılması;
- Vətəndaşlarla birgə əməkdaşlıq.

Məlumatların Açıq təqdim edilməsi aşağıdakı tələblərə uyğun aparılmalıdır:
- Məlumatların açıq təqdim edilməsi ümumi qəbul edilmiş əsaslarla aparılmalıdır və bu istiqamətdə görülən işlər "açıqlıq” şərtlərinə uyğun olmalıdır.
- Məlumatlar internet vasitəsilə ödəniş tələbi olmadan yüklənilə bilən formatda olmalıdır. Məlumatla bağlı istənilən əlavə informasiya ( məs, informasiya təqdim edən qurumun adı və s.) mümkün edilməlidir.
- Məlumatlar heç bir texniki maneələr olmadan, rahat və formasını dəyişmək mümkün olan formatda təqdim edilməlidir. Açıq kod proqram alətləri (open-source software tool) vasitəsi ilə emal edilə bilən olmalıdır.



Məlumatlar rahat işlənilə bilən formatda olmalıdır dedikdə, JSON (sadə formatdır, istənilən proqram dilli tərəfindən asanlıqla oxuna bilinəndir), XML (məlumat mübadiləsində geniş istifadə olunur, məlumatları olduğu strukturda fayllar şəklində saxlamaq imkanı verir həmçinin, informasiya üzərində işləyənlərə məlumatlarla birlikdə sənədləşmə prosesinin bir hissəsini saxlamaq imkanı yaradır), RDF (RDF məlumatları həm XML həm də JSON formatında saxlanı bilər) kimi sadə formatlar nəzərdə tutulur.

"Açıq Hökumət Məlumat"-ları tam şəkildə tətbiq edildikdən sonra ictimai problemlər, gündəlik tələbatlar, mağazada alış-veriş etməkdən tutmuş istirahətə qədər hər bir şəxsin həyatına yenilik gətirəcək, əlverişli mobil proqram təminatları ödənişsiz olarav əhalinin istifadəsinə veriləcək. Aylarla məlumat toplanaraq planlaşdırılan işlərin icrası hazır şəkildə təqdim edilən açıq məlumatlar vasitəsilə daha sürətli həyata keçiriləcək və Elektron Hökumət portalından vətəndaşların və hüquqi şəxslərin daha rahat və daha geniş şəkildə istifadəsinə imkan yaranmış olacaq.