Mobil cihazların qeydiyyatının operativliyi təmin edildi

31.10.14

Mobil cihazların qeydiyyat sistemi (MCQS) 1 may 2013-cü il tarixindən fəaliyyətə başlamışdır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində yaradılan sistem Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş "Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na uyğun yaradılmışdır.

Ötən dövr ərzində müxtəliftipli mobil cihazların İMEİ nömrələri mərkəzi baza sisteminə daxil edilmiş, standartlara uyğun olmayan 120 minə yaxın mobil cihazın şəbəkədə istismarının qarşısı alınmışdır. Eyni zamanda, itirilən və ya oğurlanan mobil cihazlar barədə vətəndaşlardan və hüquq mühafizə orqanlarından daxil olan müraciətlər araşdırılaraq itirilən 2725 ədəd mobil cihazın şəbəkədə istismarı məhdudlaşdırılmış, onlardan təxminən 700 ədədi tapılaraq sahibinə qaytarılmışdır.

Qeyri-qanuni trafik mübadiləsi təşkilinin qarşısının alınması ilə bağlı 1000 ədəddən çox İMEİ nömrəsinin istifadəsi şəbəkədə dayandırılmış və bununla da vurula biləcək maddi ziyanın qarşısı alınmışdır.

Aparılan araşdırmalar göstərir ki, şəxsi istifadə məqsədilə respublikaya gətirilən mobil cihazların qeydiyyata alınması üçün edilən müraciətlərin gündəlik sayı artmaqda davam edir. Bu da qeydiyyat üçün ərizələrin qəbul olunmasına əlavə işçilərin cəlb edilməsi ilə nəticələnir. Eyni zamanda, qeydiyyatla bağlı bir sıra sui-istifadə hallarına yol verildiyi müəyyən edilərək qarşısı alınmışdır.

Şəxsi istifadə məqsədilə respublikaya gətirilən mobil cihazların qeydiyyata alınması üçün müraciətlərə 2 (iki) iş günü ərzində baxılaraq cavablandırlmasına, bununla bağlı vətəndaşlar tərəfindən edilən sorğu və müraciətlərin cavablandırılması üçün "1677” çağrı mərkəzi xidmətinin təşkilinə, mərkəzi baza sisteminin və işçilərin, həmçinin www.imei.az internet informasiya ehtiyatının saxlanılmasına, eyni zamanda proqram təminatının mütəmadi olaraq yenilənməsinə əlavə xərclər tələb olunur.

Qeyd olunan məsələlərlə əlaqədar bir çox ölkələrin, o cümlədən Türkiyə Respublikasının mövcud təcrübəsi öyrənilərək nəzərə alınmışdır. Belə ki, Türkiyədə şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilən mobil cihazların İMEİ nömrələrinin qeydiyyatının aparılması üçün 119.5 TL (təxminən 43 manat) vəsait ödənilir. Topdansatış məqsədilə idxal edilən mobil cihazların qeydiyyatı üçün isə 46 Kr (təxminən 0.16 man) vəsait ödənilir.

Qeyd olunanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş "Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nın müvafiq bəndi nəzərə alınaraq, 1 noyabr 2014-cü il tarixindən xidmətin təşkili ilə əlaqədar xərclərin qarşılanması üçün şəxsi istifadə, həmçinin satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə ölkəyə gətirilən mobil cihazların qeydiyyatı ödənişli təşkil ediləcəkdir. Belə ki, şəxsi istifadə məqsədi ilə ölkəyə gətirilən mobil cihazların hər bir İMEİ nömrəsinin qeydiyyatı ücün 5 (beş) manat, şatış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə toplu halında ölkəyə gətirilən mobil cihazların İMEİ nömrəsinin qeydiyyatı ücün isə 0.20 manat vəsait tələb olunacaqdır.

Qeydiyyat prosedurunun operativliyinin təmin edilməsi üçün şəxsi istifadə məqsədi ilə ölkəyə gətirilən mobil cihazların həm poçt şöbələri tərəfindən, həm də www.e-gov.az və www.imei.az internet informasiya ehtiyatları üzərindən elektron qeydiyyatı aparılacaqdır. Bununla yanaşı, qeydiyyat proseduru tam avtomatlaşdırılmış və nəticədə mobil cihazların qeydiyyata alınması 2 (iki) iş günündən 24 saat müddətinə endirilmişdir. Qeydiyyat üçün uyğun proqram təminatı işlənib hazırlanmış və müvafiq baza sistemlərinə inteqrasiya edilmişdir.

Vətəndaşların nəzərinə çatdırırıq ki, mövcud qaydalara əsasən Azərbaycan Respublikası ərazisindəki mobil cihaz satış məntəqələrində əhaliyə təklif olunan mobil cihazların İMEİ nömrələrinin qeydiyyatı həmin cihazları satan hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilməlidir.