Məlumat Hesablama Mərkəzi Azərbaycanda informasiya təhlükəsizliyi üzrə "ISO/IEC 27001:2005" standartını əldə edən ilk dövlət müəssisəsi oldu

29.08.14

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi informasiya texnologiyaları və təhlükəsizliyin təminatı sistemi üzrə "ISO/İEC 27001:2005” beynəlxalq standartın tələblərinə uyğun növbəti sertifikasiya auditindən uğurla keçib. Bununla da MHM respublikada informasiya təhlükəsizliyi üzrə bu sertifikatı əldə edən ilk dövlət müəssisəsi oldu. Mərkəzin vətəndaşlara, dövlət orqanlarına və hüquqi şəxslərə elektron imza üçün təkmil sertifikatların verilməsi; təkmil sertifikatların idarə olunması: yaradılması, yenilənməsi, dayandırılması və ləğv edilməsi; vaxt göstəricilərinin qeyd edilməsi üzrə fəaliyyət sahələri "ISO/İEC 27001:2005” beynəlxalq standartın tələbləri əsasında yoxlanılıb və sertifikatlaşdırılıb. Sertifikat 19 avqust 2017-ci il tarixinə qədər qüvvədə qalır. Təkrar sertifkatlaşdırma auditinin 24 iyun 2017-ci il tarixinə qədər həyata keçirilməsi nəzərdə tutulur. MHM bu sertifikatı əldə etdikdən sonra növbəti addım kimi, Milli Sertifikat Xidmətləri Mərkəzinin (MSXM) dünyada sertifikat xidmətləri göstərən mərkəzlərin inanılmış siyahısına (trusted list) daxil edilməsi istiqamətində işlərini davam etdirəcək.

                                                  

Qeyd edək ki, Məlumat Hesablama Mərkəzinin sertifikatlaşdırılması Böyük Britaniyanın "UKAS” akkreditasiya mərkəzində akkreditə olunmuş İsveçrənin "SGS” şirkəti tərəfindən yerinə yetirilib. Müstəqil ekspertizalar həyata keçirən şirkət sertifikatlaşdırma sahəsində dünya lideri hesab edilir.