Dövlət qulluğuna qəbul olmaq istəyənlər biliklərini "Elektron hökumət" portalında onlayn sınaq vasitəsilə yoxlaya bilərlər

19.08.14

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın "Elektron hökumət” portalı üzərindən təqdim etdiyi "Onlayn sınaq test imtahanı” xidməti üzərində iş başa çatdırılaraq vətəndaşların istifadəsinə verilib. Artıq dövlət qulluğuna qəbul olmaq istəyənlər biliklərini onlayn sınaq vasitəsilə yoxlaya bilərlər.
"Onlayn sınaq test imtahanı” xidmətindən yararlanmaq istəyən vətəndaşlar "Elektron hökumət” portalına daxil olaraq, müvafiq autentifikasiya vasitələrindən istifadə etməklə portala daxil olmalıdır. Daha sonra elektron xidmətlər bölməsini qeyd edib, Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın müvafiq xidmətini seçməlidirlər. Ardından, qeydiyyatdan keçərkən daxil edilən müvafiq poçt ünvanı və şifrə vasitəsilə xidmətə daxil olub, imtahandan yararlana bilərlər. Nəzərinizə çatdırırıq ki, "Onlayn sınaq test imtahanı” xidmətindən istifadə etmək üçün qeydiyyatdan keçmək mütləqdir.
İmtahanlar iki ayrı başlıqda qruplaşdırılmışdır:
– İnzibati vəzifələrin 5-ci təsnifatına uyğun vəzifələr üzrə imtahan;
– İnzibati vəzifələrin 6-cı və 7-ci təsnifatlarına uyğun vəzifələr üzrə imtahan.

Bu sistemdə dünyagörüşü, qanunvericilik, informasiya texnologiyaları və məntiqi düşüncə üzrə suallar yerləşdirilmişdir. İstifadəçilərin təqdim edilən suallar üzrə nəticələri sistem vasitəsilə göstərilir. Nəticələr sınaq imtahanının tarixini, saatını və toplanılan balı əhatə edir.
Nəzərinizə çatdırırıq ki, "Onlayn sınaq test imtahanı” xidməti də daxil olmaqla Komissiyanın təqdim etdiyi elektron xidmətlərin sayı 5-ə çatmışdır.