Avropa Birliyinin Rəqəmsal Gündəliyi və Elektron Hökümət üzrə İş Planı

16.08.14

Rəqəmsal cəmiyyətin yaradılmasında başlıca məqsəd dövlət orqanları, vətəndaşlar və biznes qurumlar arasında səmərəli əlaqənin təşkilidir. Əsas xidmətlərin, məsələn, şəxsi sənədlər, sertifikatlar, gəlir vergisi və məşğulluqla bağlı xidmətlərin vətəndaşlara və şirkətin qeydiyyatdan keçirilməsi, sosial təminat, korporativ vergi, ƏDV ilə bağlı xidmətlərin biznes qurumlara onlayn təqdim olunması dövlət orqanlarına vətəndaş ehtiyaclarının ödənilməsində yardımçı olur. Böhran vaxtlarında isə hökümət daha səmərəli işləməli və vətəndaşlar ilə eləcə də, biznes qurumlar ilə sabit əlaqəni təmin etməlidir. Bir qayda olaraq onlayn xidmətlər sahəsində innovasiyalara qoyulan kapital həmişə geri qayıdır. Belə ki, E-hökümət idarəetmə xərclərini 15-20% azalda bilər.

Avropa bu sahədə uğurlu işlər həyata keçirir. Bu gün Avropa vətəndaşlarının 41%-i, biznes qurumların 84%-i onlayn xidmətlərdən istifadə edir və ictimai xidmətlərin 82%-dən çoxu onlayn əldə oluna bilər. Ötən illər ərzində dövlət orqanlarının veb səhifələrindən passiv istifadə dəyişilməz qaldığı halda, bu e-xidmətlərdən interaktiv yararlanma (elektron formada rəsmi sənədlərin yüklənilməsi və doldurulmuş formanın geri müvafiq subyektə çatdırılması) kəskin şəkildə artır. Bununla belə, dövlət orqanları və vətəndaşların tam rəqəmsal şəkildə əks əlaqəsi və istifadəçilərin e-xidmət yaratma və təqdim etmə işləri mərkəzləşmiş qaydada təmin olunmalıdır. Bu gün Avropa Birliyi daxilində, bir çox ictimai xidmətlər ölkələrin sərhədlərindən kənarda işləmir, bir ölkə vətəndaşının digər ölkə ərazisində yeni şirkətin onlayn qeydiyyatdan keçirməsi və ya işsizlik hüququnun əldə edilməsi kimi xidmətlərdən istifadəsi, bu kimi xüsusi ehtiyaclar hələ də tam ödənilməyib.

E-xidmətlər sahəsində innovasiya informasiyanı hamı üçün mümkün edən texnologiyalardan geniş həcmli istifadəni ehtiva edir. Bu da öz növbəsində Avropa mədəni irsini qorumağa və digər cəmiyyətlərə çatdırılmasına kömək edir. İKT vasitəsilə Avropa mədəni irsi istirahət, tədris və kommersiya tipli rəqəmsal kitabxanalarda, arxivlərdə və muzeylerdə hamı üçün əlçatan ola bilir.

E-xidmətlərin bir çox sahələrində innovasiyaların davam etməsinə baxmayaraq, bu mərhələdə ən çətin tapşırıq innovativ çözümlərin hamı üçün əldə edilə bilən olmasını təmin etməkdir. 2011-ci ildə Avropa Birliyində 38 milyon ailənin internetə girişi yox idi və bu sahədə rəqəmsal bacarıqların olmaması ciddi məsələ olaraq qalırdı. "Rəqəmsal kənarlaşdırma” riski xüsusən imkansız ictimai qruplara (yaşlı, az təminatlı, işsiz, təhsilsiz və əlillərə) mənfi təsir edir. Aşağı imkanlı qrupların rəqəmsal cəmiyyətdən bərabər yararlanmasını təmin etmək üçün bir tərəfdən rəqəmsal bacarıqları artırmaq, digər tərəfdən texnologiyaların hamı üçün əlçatan olmasını təmin etmək lazımdır.

Avropanın Rəqəmsal Gündəliyi bu tələblərə cavab verir, onlayn xidmətlərin inkişafı və Avropa mədəni irsinin saxlanılması, eləcə də cəmiyyətin müxtəlif qrupları arasında rəqəmsal baryeri aşmaq üçün xüsusi hədəflər yaradır.

E-Hökümətin İş Planı (http://ec.europa.eu) səmərəli e-xidmətlərə həsr edilib. Məqsəd e-hökümət xidmətlərinin hazırlanmasında və hətta siyasi qərarların qəbulunda istifadəçilərin aktiv əməkdaşlığına imkan yaratmaqdır. Bu dövlət orqanlarının açıq, şəffaf və məsuliyyətli olmağına təsir edəcəkdir. İş planı həmçinin, vətəndaş və bizneslərin avropa birliyinə üzv digər dövlətlərdən asanlıqla, evdə olduğu kimi onlayn xidmətlərdən yararlanma məsələsinə və ümumi istifadənin artırılmasına dair tədbirlər təklif edir.

Bu istiqamətdə konkret hədəflərə aiddir:

  • hökümətlər tərəfindən informasiyanın bir dəfə qeydiyyatdan keçirilməsinin təmin edilməsi,
  • AB-nin milli elektron identifikatorlardan geniş istifadəsi,
  • istifadəçi tələblərinin daha yaxşı qarşılanması üçün xidmətlərin fərdiləşdirilməsi,
  • daha açıq, aktiv və şəffaf hökümətin təsis edilməsi.

Rəqəmsal iqtisadiyyat öz mahiyyətinə görə sərhədsizdir, lakin Avropa Rəqəmsal Vahid Bazarı hələ də parçalanmış olaraq qalır və müxtəlif milli bazar təcrübələri ilə xarakterizə edilir. Avropa Rəqəmsal Vahid Bazarı büsbütün inkişaf etdirərək 2020-ci ilə qədər 500 milyard Avro gəlir əldə edə bilər. Dövlət orqanlarına aid informasiyanın yenidən istifadə edilməsi, elektron idetifikasiya və e-imza təklifləri daxil olmaqla, qalan maneələri aradan qaldırmaq Avropa Rəqəmsal Gündəliyinin özəyini təşkil edir.