İyul ayında portala daxil olmalar və elektron xidmətlərdən istifadə sayı rekord həddə çatmışdır: 1 200 406

8.08.14


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) "Elektron hökumət” portalına daxilolmaların növbəti statistikasını təqdim edir. Statistik uçotun aparıldığı tarixdən 2012-ci ilin dekabrın­dan 2014-cü ilin iyul ayının 31-ə qədər portala daxil olanlar haqda toplanan məlumatlar göstərir ki, portala ümumilikdə 1613533daxilolma qeydə alınıb.

Portala müraciət edənlərin ümumi sayı isə 716 817 nəfər olub. Belə ki, 716 817 nəfər ümumən 1 613 533 dəfə portala daxil olub və 2 585 460 dəfə elektron xidmətlərə müraciət ediblər. Həmin şəxslər 5 013 050 dəfə müxtəlif səhifələrə keçid ediblər və portala sərf etdikləri vaxt ortalama 4 dəqiqə 47 saniyə olub.

Ümumilikdə bu gün vətəndaşlarımızın portala marağının artması müşahidə olunmaqla yanaşı, təkrarən portala müraciət edənlərin də kütlə nisbəti artmaqdadır. Bu dövr ərzində portala müraciət edənlərin 44.5%-ni yeni istifadəçilər, 55.5%-ni isə təkrar müraciət edənlər təşkil edib.


Müqayisə üçün iyul ayının statistikasına nəzər salsaq, bu dövrdə portala 813 589 daxil olma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 323 531 nəfər olub.Həmin şəxslər 390 931 olmaqla, müxtəlif səhifələrə keçid ediblər, 1200406 dəfə e-xidmətlərə müraciət edilib və portala sərf etdikləri vaxt ortalama 4 dəqiqə 31 saniyə təşkil edib. İyul ayı ərzində portala müraciət edənlərin 35.3%-ni yeni istifadəçilər, 64.7%-ni isə təkrar müraciət edənlər təşkil edir.

İyun ayının sonunda TQDK-nın xidmətlərinin, iyul ayından isə ƏƏSMN-nin əmək müqaviləsi xidmətlərinin portala inteqrasiya olunması bu ay ərzində portala daxil olmaların və istifadə olunmuş xidmətlərin sayının pik həddə çatmasına səbəb olmuşdur.

Portal fəaliyyətə başladığı gündən iyulun 1-nə kimi e-xidmətlərdən 1 385 054 dəfə, yalnız iyul ayında isə 1 200 406 dəfə istifadə olunub. Bu gün artıq elektron hökumət portalı əhalinin gündəlik istifadə etdiyi bir resursa çevrilməkdədir.