Mobil autentifikasiya nədir və onun üstünlükləri

8.08.14

Mobil autentifikasiya xidməti onlayn bankçılığın, təhlükəsiz onlayn kartsız pul köçürmələrinin inkişafında mühüm rol oynayan əvəzsiz xidmətlərdən biridir.

Mobil autentifikasiya(Mobile-İD) mobil qurğudan istifadə edərək təhlükəsiz istifadəçi identifikasiyasını aparmağa imkan verən vasitədir. Mobil İD elektron xidmətlərin təhlükəsiz əldə edilməsi və sənədlərin rəqəmsal imzalanması üçün istifadə olunur və üstünlüyü ondadır ki, hər hansı bir kart oxuyucusu olmadan da mobil platformalarda istifadə edilə bilər.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) hazırladığı ilk hüquqi qüvvəyə malik olan mobil autentifikasiya sertifikatları artıq vətəndaşlara təqdim edilməkdədir. Vətəndaşlar "Elektron hökumət” portalında yerləşdirilmiş elektron xidmətə daxil olub onlayn qeydiyyat formasını doldurmaqla və ya Qeydiyyat Mərkəzlərinə müraciət etməklə mobil autentifikasiya sertifikatlarını əldə edə bilərlər. Qeyd edək ki, e-xidmət vasitəsilə sifariş edilən mobil autentifikasiya sertifikatı hazır olduqda, məhsul elektron poçt vasitəsilə vətəndaşa göndərilir.

Autentifikasiya üçün istifadə olunan rəqəmsal sertifikatlar X.509 v3 standartına uyğundur və İOS, Android, Symbian əməliyyat sistemləri ilə işləyən mobil qurğularda (telefon və planşet kompüterlər) yalnız FİN kod və ya sistemin təqdim etdiyi sorğu vasitəsilə yaranan parol vasitəsi ilə istifadə edilir. Gizli açar kriptoqrafik imkanlara malik və FİPS 140-2 standartına uyğun olan SİM kartında, kart oxuyucusunda və ya sifrələnmə ilə qorunan açarlar qovluğuna yüklənilərək təhlükəsiz mühitdə saxlanılır.
İstifadəçi smartfonla veb səhifəsinə daxil olarkən öz rəqəmsal sertifikatının köməyi ilə eyniləşdirilir. Smartfonun veb brauzeri və veb server arasında standart SSL bağlantısı qurulur və qarşılıqlı SSL autentifikasiya icra olunmaqa başlayır.

Mobil qurğuların texniki imkanları nəzərə alınaraq hazırda təqdim olunan autentifikasiya sertifikatlarını aşağıdakı platformalardakı mobil qurğulara yükləmək mümkündür:

• Apple IOS 5.0 və yuxarı versiyalar (iPhone 3GS, 4, 4S, 5 / iPad 1, 2, 3, 4, mini / iPod Touch 3, 4, 5);

• Android 4.0 və yuxarı versiyalar (HTC, Samsung, LG, Acer, Sony);

• Symbian S60 OS və yuxarı versiyalar;

• Windows Phone 7.0 və 7.5 platformaları (Windows Phone 8.0 sınaqdan tam olaraq keçməmişdir);

• BlackBerry 6.0 OS və yuxarı versiyalar (mobil cihazların rəqəmli sertifikatları üçün "SSL klient" identifikasiyanın konfiqurasiyası "Black Berry Desktop Manager" proqramı vasitəsilə yüklənilir).

Qeyd edək ki, mobil autentifikasiya xidmətindən istifadə edənlərin sayı getdikcə artmaqdadır.