İyul ayının statistik məlumatlarına əsasən 1639 e-imza kartı istifadəyə verilmişdir

6.08.14

Rəqəmsal idarəçiliyin yaradılma prosesində "Elektron-imza” "Elektron hökumət”in tərkib hissələrindən biri kimi çıxış edərək, elektron sənəd mübadiləsini təmin edir. "Elektron imza” əlaqəli olduğu informasiyanın bütövlüyünün dəyişməzliyini, inkar edilməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən edən rəqəmsal vasitədir. "Elektron imza” kargüzarlıq işlərində imza sahibini identikləşdirməyə xidmət edən smart-kartdır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən elektron imzanın tətbiq sahələrinin genişləndirilməsi, e-imzadan istifadənin sadələşdirilməsi, eləcə də informasiya emalı işinin sürətləndirilməsi istiqamətində işlər uğurla davam etdirilir. Görülən işlər istifadəçi məmnuniyyəti üzərində mərkəzləşərək, rəqəmsal aləmdə mövcud proqresin nəbzini tutmağa, sürətli inkişaf mərhələsində cəmiyyətin gözləntilərini qarşılamağa hədəflənmişdir.

Elektron imzaya geniş kütlə marağının yönəlməsi və günbəgün e-imzaya olan tələbatın yüksələn xəttlə artması bu sahə mütəxəssislərinin əzmlə işləmələrinə stimul verir. Artıq istənilən vətəndaş "e-imza.az” saytına daxil olaraq, internet üzərindən elektron ərizə formasındakı suallara cavab verməklə və online qaydada ödəniş etməklə, elektron imza kartı sifariş edə bilər. Bundan başqa sənədin veb üzərindən onlayn imzalanması servisinin beta versiyası üzərində iş yekunlaşmaqdadır. Sahə mütəxəssisləri həmçinin, informasiyanın emalı və ötürülməsinin sadələşdirilməsi üzərində də işləyir.

E-imza sahəsində görülən işlərin nəzərə çarpacaq nəticəsi e-imza sertifikatlarının sifarişinin kəskin artmasında özünü göstərir. Belə ki, iyul ayının statistikasına görə dövlət qurumlarına 800, hüquqi şəxslərə 759, fiziki şəxslərə isə 80 e-imza kartı təqdim olunub. Ümumilikdə, iyul ayı ərzində 1639 e-imza kartı istifadəyə verilib və Mərkəzə daxil olan sifarişlərə əsasən indidən demək olar ki, bu statistika gələn aylar üçün daha da artacaqdır.