Azərbaycanda mobil nömrələrin satışı və sənədləşməsi mərkəzləşmiş qaydada "Elektron hökumət" portalı üzərindən həyata keçiriləcək

5.08.14

Hazırda mobil nömrələrin satışı və sənədləşdirilməsi prosesi pərakəndə şəkildə aparıldığından və yeni satılan nömrələrin sənədləşməsi zamanı abunəçiyə aid məlumatlar sistemə əl ilə daxil edildiyindən tez-tez qeyri-dəqiqliyə yol verilir və vətəndaşların şəxsiyyət vəsiqələrindəki məlumatlarla Mobil Operatorların abunəçi bazalarındakı məlumatlar arasında uyğunsuzluqlar yaranır. Bu isə hüquq-mühafizə orqanlarının işində, müxtəlif sənədləşmələrin aparılmasında və s. bir sıra problemlərə gətirib çıxarır.

Qeyd olunan problemin birdəfəlik həll edilməsi məqsədilə yeni satılan mobil nömrələrin düzgün sənədləşdirilməsi üçün mobil operatorlara mərkəzləşmiş qaydada "Elektron hökumət” portalı üzərindən müvafiq servisin verilməsi və yeni nömrələrin sənədləşdirilməsi prosesinin həmin servis vasitəsilə aparılması məqsədəuyğun hesab olunmuşdur.

Bu məqsədlə 04.08.2014-cü il tarixdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində (MHM) hər üç Mobil Operatorların nümayəndələri ilə birgə görüş keçirilmiş və qeyd olunan məsələnin detalları müzakirə edilmişdir. İlkin olaraq müqavilə layihəsinin və Texniki Şərtlərin qısa müddətdə hazırlanması və birgə razılaşdırılması qərara alınmışdır.

Layihə istismara verildikdən sonra abunəçinin şəxsiyyət vəsiqəsinin nömrəsi və FİN kodu kompüterə daxil ediləcək və abunəçi barədə məlumatlar Daxili İşlər Nazirlyinin məlumat bazasından avtomatik olaraq yoxlanılacaqdır. Portala daxil olma elektron imza vasitəsilə mümkün olduğundan, nömrələrin sistemə işlənməsi zamanı əməliyyatıçının identifikasiyası, vətəndaşın pasport məlumatlarının Daxili İşlər Nazirlyinin məlumat bazasına daxil olaraq online rejimdə yoxlanılması mümkün olacaq.

Nəticədə mobil abunəçi bazaları ilk andan düzgün formalaşdırılacaq, məlumatların bir dəfə daxil edilməsi prinsipi gözləniləcək, əməliyyatlar online olaraq aidiyyatı dövlət qurumlarının serverlərində öz əksini tapacaqdır ki, aktivləşən mobil telefon nömrəsi informasiya sistemlərində həmin anda əksini tapacaqdır. Eyni zamnada Mobil Operatorların abunəçi bazalarının dəqiq formalaşması bir sıra sənədləşmə (bank, alqı-satqı və s.) prosesləri zamanı yaranan pronlemləri aradan qaldırmış olacaq və interaktiv SMS xidmətlərin inkişafına daha da rəvac vermiş olacaq.