Elektron xidmətlərdən istifadəni asanlaşdırmaq üçün "Elektron hökumət" portalı vətəndaşlara istifadə təlimatlarını təqdim edir

1.08.14

"Elektron hökumət” portalı tərəfindən təqdim olunan e-xidmətlərdən vətəndaşlarımızın daha çox və səmərəli şəkildə faydalanmaları məqsədilə Rabitə və Yüksək Texnologiyalar Nazirlyinin Məlumat Hesablama Mərkəzi tərəfindən Bakı şəhərində və yerlərdə mütəmadi olaraq maarifləndirmə xarakterli tədbirlər və treyninqlər həyata keçirlir. Eyni zamanda vətəndaşların e-xidmətlərdən daha çox istifadə etmələri məqsədilə motivasiya xarakterli müsabiqələr və kampaniyalar keçirlir.
Təcrübə göstərir ki, bütün vətəndaşlarımızın İKT üzrə savadlılıq səviyyəsi eyni olmadığından, bir sıra e-xidmətlərdən istifadə zamanı istifadəçilər çətinlik çəkirlər. Bu səbəbdən hal hazırda portalda yerləşdirilmiş 351 e-xidmət üzrə İstifadəçi Təlimatlarının hazırlanıb portalda yerləşdirilməsinə zərurət yaranmışdır. Lakin heç də bütün dövlət qurumlar tərəfindən təlimatlar hazırlanıb təqdim olunmayb.
Prosesin sürətləndirilməsi məqsədilə "Elektron hökumət” portalının inzibatçıları tərəfindən bütün qurumların e-xidmətləri üzrə İstifadəçi Təlimatlarını hazırlanılmasına başlanılmışdır. Təxminən 100-ə yaxın İstifadəçi Təlimatı hazırlanaraq portalda E-xidmətlər bölməsində xidmətlərin qarşısında yerləşdirilmişdir. Bundan əlavə portalda bir sıra e-xidmətlərdən istifadə edilməsi qaydaları haqqında video-təlimatlar da yerləşdirilib. Bu prosesin davam etdirilməsi və bütün e-xidmətlər üçün İstifadəçi Təlimatlarının və video-təlimatların hazırlanıb portalda yerləşdirilməsi nəzərdə tutulmuşdur. Məqsəd vətəndaşların xidmətlərdən istifadə qaydaları ilə tanış olmaları, xidmətdən istifadə üçün minimal biliklərin mənimsənilməsidir.
Eyni zamanda Nazirlər Kabinetinin müvafiq qərarına əsasən təsdiq edilmiş bütün e-xidmətlər üzrə İnzibati Reqlamentlər hazırlanaraq təsdiq edilməlidir. İnzibati Reqlamentlərdə elektron xidmətin adı, məzmunu, hüquqi əsası, digər icraçılar, elektron xidmətin göstərilməsinin nəticəsi, inzibatı procedurları və s. kimi məlumatlar öz əksini tapmaldır. Hal hazırda 233 e-xidmət üzrə İnzibati Reqlamentlər portalda yerləşdirilib və digər xidmətlər üzrə də İnzibati Reqlamentlərin portalda yerləşdirilməsi üçün dövlət qurumları ilə birgə işlər görülür.