Azərbaycan "Elektron hökumətin inkişafı indeksi" üzrə əvvəlki mövqeyini 28 pillə artırıb

25.07.14

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 2014-cü ilin 6 ayının yekunları ilə bağlı kollegiya iclası keçirilib.

İclasda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov ölkə prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarımilliyinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında prezidentin nitqindən irəli gələn vəzifələr barədə danışaraq, respublikada aparılan uğurlu iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunun dinamik inkişafına və artım tempinə nail olunduğunu qeyd edib.

Rabitə və yüksək texnologiyalar sektorunda uğurlu inkişaf tendensiyasının davam etdiyini vurğulayan nazir əldə edilən nailiyyətlərin beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Belə ki, Dünya İqtisadi Forumunun "Qlobal İnformasiya Texnologiyaları 2014” ("The Global Information Technology Report 2014”) hesabatında Azərbaycan "Şəbəkələşmə Hazırlığı İndeksi”nə görə əvvəlki mövqeyindən 7 pillə irəliləyərək dünyanın 148 ölkəsi arasında 49-cu yerə yüksəlib. Ölkəmiz hər 100 nəfərə düşən internet istifadəçilərinin sayına görə 148 ölkə arasında 59-cu yeri tutmaqla MDB-də liderlik mövqeyini qoruyub saxlayır. BMT-nin ənənəvi olaraq hər iki ildən bir nəşr etdiyi "E-Hökumət müayinəsi 2014” adlı hesabatın builki nəşrində Azərbaycan 193 ölkə arasında "Elektron hökumətin inkişafı indeksi” üzrə əvvəlki mövqeyini 28 pillə artıraraq 96-cı yerdən 68-ci yerə yüksəlib.

Daha sonra kollegiya iclasında 6 ay ərzində rabitə və yüksək texnologiyalar sahəsində görülmüş işlər və əldə olunan nəticələr barədə məruzə dinlənilib.

Kollegiyaya yekun vuran nazir Əli Abbasov nazirliyin struktur bölmələrinə konkret tapşırıq və göstərişlərini verib.