«Elektron hökumət» portalı yeni inkişaf mərhələsinə qədəm qoyur

23.07.14

"Elektron-hökumət”in formalaşdırılması və dövlət hakimiyyəti orqanlarında informasiya texnologiyalarının genişmiqyaslı istifadəsi üzrə respublikada aparılan fəaliyyətin əsası Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin 2003-cü il 17 fevral tarixli 1146 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” ilə qoyulmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanı "elektron hökumət”in formalaşdırılması və elektron xidmətlərin inkişaf etdirilməsi prosesinin daha da geniş vüsət almasına xidmət etmişdir. Daha sonra 2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və "elektron hökumət”in inkişafına dair DövlətProqramı hazırlanmışdır.

Dövlət proqramında aparılan işlər üzrə mövcud vəziyyət, proqramın məqsədi, əsas istiqamətləri və gözlənilən nəticələr öz əksini tapır. Dövlət Proqramının məqsədi "elektron hökumət”in formalaşdırılması və elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində ölkədə indiyədək aparılmış işlərin davam etdirilməsi, bu sahədə ardıcıl və məqsədyönlü addımların atılması ilə müasir informasiya cəmiyyətinin tələblərinin təmin edilməsidir.

Elektron hökümət modern və çevik idarəetmənin təmin edilməsində, dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırmasında, şəffaflığının təmin edilməsində və bürokratik əngəllərin aradan qaldırılması və əhaliyə elektron xidmətlərin göstərilməsində mühüm vasitədir.

Bu gün Azərbaycanda yeni elektron xidmətlərin formalaşdırılması fəal mərhələyə qədəm qoyur, vətəndaşlara təqdim edilməli elektron xidmətlərin sayı sürətlə artır. Ölkədə elektron hökumət istiqamətində dövlət qurumları tərəfindən əhaliyə göstərilən bütün xidmətlərin elektronlaşdırılması dövlət məmurları ilə vətəndaşlar arasında keyfiyyətcə yeni münasibətlərin formalaşmasına zəmin yaradır. Ölkədə elektron xidmətlərə keçid bir sıra strukturların fəaliyyətində şəffaflığın təmin edilməsinə, korrupsiya hallarının azalmasına, süründürməçilik hallarının aradan qaldırılmasına, vətəndaşla dövlət strukturları arasında canlı əlaqənin, o cümlədən kağız daşıyıcılarının minimuma enməsinə gətirib çıxarır.

Texnoliji yeniliklərin daim tətbiq edildiyi, sürətli inkişaf yolunda olan ölkəmizdə elektron hökumət istiqamətində mühüm addımlar atılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2014-cü il tarixli 118 nömrəli qərarı ilə "Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı” təsdiq edilmişdir. Bu qərar əsasında müvafiq dövlət qurumları müəyyən edilmiş xidmətlər üzrə servislər hazırlamalı və bu servislər portala inteqrasiya edilməlidir. Həmçinin, cari ilin iyun ayında Prezident İlham Əliyev cənablarının Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Əsasnaməsi” icra ediləcək işlərin həcmini və keyfiyyətini artıracaqdır.

Ümumiyyətlə, bu proses başa çatdıqdan sonra dövlət qurumları e-xidmətlərin göstərilməsi zamanı digər qurumların informasiya sistemlərindən "Elektron hökumət” portalı vasitəsilə lazımi məlumatı onlayn rejimdə əldə edə biləcəklər və bununla da əhaliyə göstərilən e-xidmətlərin elektronlaşma səviyyəsi, çeşidi və keyfiyyəti yüksəlmiş olacaq.