Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin daha bir xidməti "Elektron Hökumət" portalına inteqrasiya edildi

16.07.14

 "CDMA şəbəkəsinə qoşulma" xidməti "Elektron Hökumət” portalına inteqrasiya edildi və vətəndaşlar bu e-xidmətdən istifadə edərək CDMA (simsiz telefon rabitəsi) şəbəkəsinə qoşulmaq imkanı əldə edə biləçəklər. İlkin mərhələdə bu e-xidmət Bakı şəhərini əhatə edir və növbəti mərhələdə Respublikanın digər şəhər və rayonlarında da abunəçilər bu xidmətdən istifadə edə biləcəklər.

 CDMA şəbəkəsinə qoşulmaq üçün istifadəçi e-xidmətə daxil olaraq yaşadığı ərazinin poçt indeksini və poçt indeksinə uyğun olaraq yaşadığı küçəni seçir və ev, mənzil barədə məlumatları daxil edir. Eyni zamanda o, servis xidmətlərinin siyahısından istədiyi servis xidmətini seçə bilər. Bundan sonra istifadəçi öz istəyinə uyğun olaraq tarif paketini seçir. Hal hazırda aşağıdakı tarif paketləri mövcuddur:

 - 450 dəqiqə giriş-çıxış lokal danışıq limitli ilə istifadə paketi ------ 2,50 manat

- Lokal giriş-çıxış danışıqlardan limitsiz istifadə paketi ------ 10 manat

 Tələb olunan məlumatlar qeyd olunduqdan sonra portal tərəfindən istifadəçiyə birdəfəlik qoşulma haqqı, CDMA aparatın məbləği, qoşulmanı aparacaq Telefon Qovşağı haqqında, qovşağın əlaqə nömrəsi və sair məlumatlar göstəriləcək.

 Bütün mərhələlər bitdikdən sonra ekranda "sifariş nömrəsi” göstərilir və istifadəçi 3 iş günü ərzində internet, Milli ÖN ödəmə terminalları vasitəsilə və istənilən poçt və abunə şöbələrində sifariş nömrəsinə uyğun ödəniş edə bilər.

 Ödəniş edildikdən sonra aidiyyatı Telefon Qovşağının mütəxəssisləri xidməti həyata keçirmək üçün istifadəçi ilə əlaqə saxlayacaqlar.

 Qeyd edirik ki, bununla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Elektron Hökumət” portalına inteqrasiya edilmiş e-xidmətlərinin sayı 34-ə çatmışdır.