Azərbaycan vətəndaşları üçün elektron cəmiyyətin bu günü və sabahı

10.07.14

"Elektron hökumət” dövlət orqanlarının vətəndaşlara göstərdiyi xidmətlərin elektronlaşdırılmasını, həmin xidmətlərin səviyyəsinin artırılması və yüksəldilməsini bir sözlə, vətəndaş və dövlət qurumları arasında rahat əlaqəni təmin edir və "E-hökümət” portalı vasitəsilə vətəndaş və qurumlar arasında mövcud sərhəddi aradan qaldırır.

"Elektron hökumət”– dövlət qurumlarının göstərdiyi xidmətlərin "bir pəncərə” prinsipi əsasında vahid portal üzərindən elektron formatda göstərilməsidir. Portaldan istifadə edən bütün vətəndaşlar, fiziki və hüquqi şəxslər (bəzi hallarda isə dövlət orqanlarıda) portal istifadəçisi kimi internet üzərindən hər hansı bir dövlət qurumuna aid ictimaiyyətin istifadəsinə açıq tipli məlumatları real-vaxt rejimində dərhal əldə edə, müraciət (ərizə, sorğu və ya şikayət) ünvanlaya, habelə onların gerçək həyatda göstərdiyi xidmətlərdən də onlayn rejimdə yararlana bilərlər.

Azərbaycanda "Elektron hökumət” portalı 2012-ci ilin aprel ayında istifadəyə verilmişdir. Layihə informasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsini, əhali, biznes qurumları, həmçinin öz aralarında əlaqələrin asanlaşdırılması və sərbəstləşdirilməsinə yönəldilmiş fəaliyyəti nəzərdə tutur, vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə şərait yaradır.

"Elektron hökumət”in ən böyük üstünlüyü istifadəçinin geolokasiya asılılığının olmamasıdır. İstifadəçi dünyanın istənilən ölkəsində, hətta hava və ya su nəqliyyatı vasitəsində də elektron hökumətdən yararlana bilər: yetər ki, istifadə etdiyi avadanlığın internet bağlantısı olsun.

Digər mühüm üstünlüklərindən və eyni zamanda məqsədlərindən biri də istifadəçi-məmur qarşılaşmasının minimuma endirilməsi nəticəsində ehtimal neqativ halların qarşısının alınmasıdır. Bu səbəbdən, elektron hökumətin qurulması dövlət hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığın artırılmasına və korrupsiya hallarının aradan qaldırılmasına gətirib çıxaracağı gözlənilir.

Hazırda, portal üzərindən 42 quruma aid 350 e-xidmətdən ictimaiyyət istifadə etməkdədir ki, bu da həm istifadəçilərin, həm də qurumların maraqlarını təmin edir. Bu sahədə tərəfimizdən görülən tədbirlər nəticəsində, portala inteqrasiya edilən qurumların və elektron xidmətlərin sayı mütəmadi olaraq artmaqdadır.

Fəaliyyətə başlamasından qısa müddət keçməsinə baxmayaraq, Azərbaycanda "Elektron hökumət” layihəsi əhalinin marağına səbəb olmuş, kifayət qədər istifadəçi kütləsi toplaya bilmişdir. Statistik uçotun aparıldığı tarixdən, yəni dekabr 2012 – iyun 2014-cü il dövrü ərzində 427 min nəfər portal üzərindən 1,3 milyon dəfə e-xidmətlərdən faydalanıb.

"Elektron hökumət" portalının rəsmi "Facebook" səhifəsinə də maraq durmadan artır. Hazırda, səhifənin 144 min izləyicisi var. Bu səhifədə "Elektron hökumət" portalının e-xidmətlərdən faydalanmaq istəyən istifadəçilər öz fikirlərini bildirir və rəylərini paylaşırlar. Səhifəyə ünvanlanan suallar sosial tələb olaraq qəbul edilir, operativ şəkildə cavablandırılır, irəli sürülən təklif və rəylər nəzərə alınır.

"Elektron hökumət" portalı geniş həcmli iş olduğundan onun ərsəyə gəldiyi zaman kəsiyində müəyyən problemlər yaranmışdır. E-Hökümət Portalının işçi heyəti öz öhdəsinə düşən problemləri artıqlaması ilə həll etmiş, hətta cari ilin iyun ayından etibarən portalın yeni hazırlanmış daha rahat və intuitiv tərtibata malik versiyası ictimaiyyətin istifadəsinə verilmişdir. Bu versiyada mövcud problemlər aradan qaldırılmış, habelə bir sıra yeni funksiyalar əlavə edilmişdir. Buna baxmayaraq, bəzi e-xidmətlərə istifadəçilər bu günədək heç müraciət etməmiş və ya çox az sayda müraciət etmişlər. Bunun əsas səbəbi, bəzi dövlət qurumlarının göstərdiyi əsas – yəni geniş kütlənin marağına səbəb olan xidmətlərin hələ də elektron formaya keçirilməməsidir. Bu, dövlət qurumunun buna marağının olmamasına dair ehtimal yaradır. E-Hökümət portalının işçi heyəti bu və digər problemlərin aradan qaldırılması məqsədilə dövlət qurumlarının səlahiyyətli nümayəndələri ilə vaxtaşırı görüşlər, toplantılar keçirilir, müraciətlər ünvanlanır və s. zəruri tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2014-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı portalın səmərəli fəaliyyəti və inkişafına bilavasitə təsir göstərəcəkdir. Bu qərara uyğun olaraq dövlət qurumları tərəfindən müvafiq servislər hazırlanıb portala inteqrasiya olunduqdan sonra, vətəndaşların elektron xidmətlərdən istifadə zamanı sənədlərin skan edilərək portala göndərilməsi zərurəti aradan qalxacaq. Belə ki, vətəndaşın portalda autentifikasiya (loqin-parol, e-imza və s. vasitələrlə) olunması kifayət edəcək ki, ona aid sənədlər aidiyyatı dövlət qurumlarının məlumat bazasından avtomatik əldə olunsun.

Ümumiyyətlə, bu proses başa çatdıqdan sonra dövlət qurumları e-xidmətlərin göstərilməsi zamanı digər qurumların informasiya sistemlərindən "Elektron hökumət” portalı vasitəsilə lazımi məlumatı onlayn rejimdə əldə edə biləcəklər və bununla da əhaliyə göstərilən e-xidmətlərin elektronlaşma səviyyəsi, çeşidi və keyfiyyəti yüksəlmiş olacaq. Nəticədə, əhalinin "Elektron hökumət” portalından daha səmərəli istifadəsi üçün şərait yaranmış olacaq, onların portaldan istifadəyə marağı isə daha da artacaqdır. Bununla yanaşı, yaxın gələcəkdə seçki proseslərində elektron səsvermənin tətbiqi üzərində də işlər aparılır.