XXI əsrin real tələbi – Elektron imza

10.07.14

Bəşər sivilizasiyası yarandıqdan bu dövrə qədər uzun bir tarixi inkişaf mərhələsi keçmişdir. Hələ ən qədim dövrlərdən əl hərəkətləri ilə, müxtəlif səs işarələri ilə bir-birinə informasiya çatdıran insan övladı bu uzun tarixi inkişaf dövründə informasiyanın işıq surətindən də tez çatdırılması mərhələsindədir. Bu mərhələdə çeviklik, vaxta qənaət, uzaq məsafədən proseslərin idarə olunma imkanları əsrin nəbzini tutmağın danılmaz amillərindəndir.

Qısa zaman kəsiyində Respublikamızda iqtisadiyyatın inkişafı, texnoloji yeniliklərin tətbiqi, cəmiyyətin demokratikləşməsi, əhalinin rifahının yüksəldilməsi və sair istiqamətlərdə məqsədyönlü işlər aparılır. İcra edilən işlər, həyata keçirilən layihələr arasında E-imza, Elektron Hökümət layihəsi ölkəmizdə innovasiyalar sırasındadır.

Kompüter texnologiyalarının inkişaf etməkdə olduğu dünyada informasiya təhlükəsizliyi məsələsi getdikcə daha vacib məsələ kimi ortaya çıxmışdır. Məlumat mübadiləsi zamanı ötürülən informasiyanın təhlükəsizliyinin qorunması çox mühüm məsələdir. Dövlət orqanları ilə müxtəlif əməliyyatlar həyata keçirərkən vətəndaşların şəxsi məlumatlarının üçüncü tərəfin ələ keçirməməsi üçün təhlükəsiz şəbəkələr getdikcə daha çox yayılır. Bundan başqa elektron əməliyyatların həyata keçirilməsi zamanı vətəndaşın kimliyinin müəyyən edilə bilməsi də təhlükəsizlik qədər vacib məsələdir. Bütün qeyd olunanlar isə elektron imzanın zəruriliyini ortaya çıxarır.

E-imza elektron dünyada şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Azərbaycan Respublikasının qanunlarına əsasən, elektron imza ilə imzalanmış elektron sənədlər əl imzası ilə imzalanmış və möhürlənmiş sənədlərə bərabər tutulur. E-imzanın əsas mahiyyəti informasiyanı hazırlayan şəxsin həqiqiliyinin yoxlanılması, informasiyanın təsdiq edilməsi və 3-cü tərəfə bu informasiyanı yaradan şəxsi müəyyən etməsinə imkan yaratmaqdır.

E-imza kartının dörd əsas atributu var:

 -Tamlıq

- Sənədi göndərən şəxsin sənədi inkar edə bilməməsi

- Sənədi qəbul edən şəxsin sənədi inkar edə bilməməsi

- Məxfilik

 E-imza kartından bütün vətəndaşlar, fiziki şəxlər, hüquqi şəxslər və dövlət orqanları istifadə edə bilər.

Elektron imza müasir dövrün tələbləri ilə ayaqlaşmaq istəyənlər üçün effektiv həll hesab edilir. Elektron imzanın üstünlüklərinə vaxta qənaət, məxfilik, rahatlıq, bütünlük, tanınma, inkaredilməzlik (məsuliyyətdən yayınmanın mümkünsüzlüyü), işgüzar münasibətlərin və əlaqələrin tamamilə elektron formata keçirilməsi daxildir. Elektron imza ilə imzalanmış sənədlər bir neçə saniyə ərzində lazım olan yerə çatdırıla bilər. Elektron sənəd mübadiləsinin bütün iştirakçıları bir-birindən uzaqda olmalarına baxmayaraq, eyni imkanlar əldə edirlər.

Bir sözlə, elektron imza dövrün tələbləri sırasında informasiya cəmiyyətinin vacib elementlərindən birinə çevrilməkdədir.