Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi 40 illik yubileyini qeyd edir.

4.07.14

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) 1974-cü il iyun ayında yaradılmışdır və Ulu Öndərimizin rabitə sahəsinə olan qayğısı və uzaqgörənliyi bu məsələdə həlledici rol oynamışdır.

O dövrdə respublikada ilk dəfə olaraq "EC1020” tipli Elektron Hesablayıcı Maşın (EHM) məhz MHM-də istismara verilmişdir. Növbəti illərdə MHM-də daha güclü EHM-lərin - "ES-1022”, "ES-1035”, "EC-1036” və "EC-1046”-nın tətbiqi həyata keçirilmişdir. 1992-ci ildə MHM onlayn texnologiyalarının tətbiqinə başlamışdır və 1994-cü ilin sonuna qədər onlayn rejimində işləyən avtomatlaşdırılmış iş yerlərinin (AİY) sayı 105-ə çatmışdır. Bütün iş yerləri Bakı şəhərində quraşdırılmış və maksimal məsafə təqribən 10 km təşkil edirdi. Lakin artıq mövcud EHM-lərin hesablanma imkanları tükənmişdi və AİY-lərə tələbat qat-qat çox olduğundan, EHM-lərin həddindən artıq elektrik enerjisini istifadə etdikdən və texniki dayanmalar çox olduğundan 1995-ci ildə MHM yeni platformaya keçmək üçün Amerika-Türkiyə birgə müəssisəsi olan "Koç-Unisys” şirkəti ilə müvafiq müqavilə imzalandı. Müqavilənin şərtlərinə əsasən, "Koç-Unisys” şirkəti iki il ərzində (1995-96) 110 iş yeri üçün "İntel” platformalı 2 prosessorlu server, kompüter və şəbəkə avadanlığını quraşdırmış, MHM-in işlərinə şəbəkə avadanlığını, "Unix” əməliyyat sistemini və proqram dilini öyrətmək üçün xüsusi mütəxəssislər göndərmişdi. 1998-ci ildə yeni platformaya keçid tam şəkildə başa çatdırılmışdır.

MHM-in əsas inkişaf dövrü isə son 10 ilə təsadüf edir və bu illərdə MHM informasiya texnologiyaları sahəsində aparıcı müəssisəyə çevrilmiş, informasiya texnologiyalarının bütün istiqamətlərində peşəkar kadr potensialına malik olmuşdur. Müəssisənin əsas fəaliyyət sahəsi informasiya texnologiyalarının bütün istiqamətlərini əhatə edir. Müəssisənin onlayn şəbəkəsinə respublikanın bütün ərazisində 2500-dən çox kompüterlər qoşulub və ən uzaq məsafədə qoşulan kompüterlər 540 km məsafədə Naxçıvan MR-də yerləşir. Bu kompüterlər əsasən telekommunikasiya qovşaqlarında, ATS-lərdə, poçt şöbələrində gedən texnoloji proseslərdə istifadə olunur və onlar MHM-də quraşdırılan müvafiq serverlərə qoşulublar.

MHM tərəfindən son 10 il ərzində əldə edilmiş əsas nailiyyətlərdən aşağıdakıları qeyd etmək olar:"AzDataKom” şəbəkəsi – bu şəbəkənin yaradılması layihəsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən BMT-nin İnkişaf Proqramının (UNDP) tərəfdaşlığı ilə həyata keçirilən "Milli E-İdarəçilik Təşəbbüsü” layihəsinin əsas komponentidir. "AzDataCom” layihəsi məlumatların ötürülməsi üçün ölkənin bütün regionlarını əhatə edir. Hal-hazırda "AzDataKom”un 2600 mənzil, 1300 təşkilat abunəçisi vardır və abunəçilərin sayı durmadan artmaqdadır.


MHM-in mərkəzi serverlərində emal olunan məlumatların qat-qat çoxalması və kiberhücumların qarşısının alınması üçün MHM tərəfindən SSH texnologiyasını dəstəkləyən və e-imza ilə işləyən yeni proqramlar və avadanlıqlar quraşdırılmışdır. Şəhərlərarası, beynəlxalq (avtomatika və sifarişli) və lokal danışıqların emalı və tarifikasiyası üzrə billinq sistemi yaradılmışdır. Bakı "GW”, "TOLL” (Beynəlxalq və şəhərlərarası), Naxçıvan, Quba, Gəncə, Şəki, Lənkəran, Şirvan "TOLL” (şəhərlərarası), Şamaxı və Abşeron NGN stansiyalarından şəhərlərarası və beynəlxalq avtomatik danışıqlar haqqında gündəlik məlumatlar optik xətt vasitəsilə qəbul edilərək emal edilir və dərhal ödənilməsi üçün şəbəkəyə ötürülür.

Bakı şəhərində və respublikanın digər şəhər və iri rayon mərkəzlərində EATS-lərdə telefonların borca görə avtomatik olaraq mərkəzləşmiş qaydada bağlanması və açılması üzrə billinq sistemi yaradılmışdır. Hal-hazırda paytaxtın bütün EATS-ləri optik xətlər vasitəsilə MHM-in serverinə qoşulublar və ŞAD və abunə haqqı borclarına görə abunəçilərin telefonları bilavasitə MHM-dən açılıb-bağlanır. Abunəçi respublikanın istənilən bölgəsində, istənilən poçt şöbəsində, internet, nağd ödəniş terminalları vasitəsilə öz borcunu ödəyə bilər. Onlayn rejimdə aparılan ödəniş mərkəzi serverdə analiz olunaraq, əgər telefon bağlıdırsa, 15-20 dəqiqə ərzində nömrənin avtomatik, insan faktoru olmadan açılması təmin olunur.

Eyni zamanda bu texnologiyanın tətbiqi EATS işçilərini daha bir əl əməyindən azad etmişdir.

Naxçıvan MR ərazisində kommunal xidmət haqlarının yığımı üzrə (işıq, su, qaz) avtomatlaşdırılmış qeydiyyat sistemi yaradılmış və proqram təminatı yazılmışdır. Naxçıvan MR RYTN-də müvafiq server avadanlıqları quraşdırılmışdır və artıq Naxçıvan MR Kommunal idarələrində bütün kommunal sayğacların məlumat bazalarının formalaşdırılması və kommunal ödənişlər onlayn rejimdə kompüterlərdə aparılır.

Respublikada Milli Sertifikat Xidmətləri Mərkəzi infrastrukturu yaradılmış və hazırda MHM tərəfindən vətəndaşlara, dövlət qurumlarına, yerli icra hakimiyyəti orqanlarına, biznes strukturlarında işləyən hüquqi və fiziki şəxslərə şəxsiyyəti müəyyən edən autentifikasiya və elektron sənədi təsdiq edən elektron imza sertifikatları verilir. Elektron imza vətəndaşlara, hüquqi və fiziki şəxslərə e-imza xidmətləri göstərmək üçün "Azərpoçt” MMC-nin PF-lərində yaradılan Qeydiyyat Mərkəzləri və eləcə də onlayn "E-ərizə” xidmətinə "Bank of Baku” bankında yaradılan Qeydiyyat Mərkəzi də əlavə olunmuşdur. E-imza sertifikatlarının verilməsi üzrə sənədləşmə prosesinin avtomatlaşdırılması üçün MHM tərəfindən yeni billinq proqramları yazılıb istismara verilmişdir.

Həmçinin ölkə ərazisində fəaliyyət göstərmək istəyən SXM-ləri akkreditə edir və onları Milli Sertifikat Xidmətləri strukturuna daxil edir.

"Elektron hökumət” portalı infrastrukturunun yaradılması və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən göstərilən e-xidmətlərin vahid platforma əsasında fiziki və hüquqi şəxslər tərəfindən istifadəsini təmin edir. "Elektron hökumət” müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə e-xidmətlərin göstərilməsinə şərait yaradır. "Elektron hökumət” portalına daxil olma prosedurunun sadələşdirilməsi məqsədilə vətəndaşlara kod-parolun onlayn şəkildə alınması xidməti yaradılmışdır. Hazırda "Elektron hökumət” portalından ən çox istifadə olunan e-xidmət RYTN-ə məxsusdur. Portalda yerləşdirilmiş e-xidmətlərin çeşidinin, keyfiyyətinin artırılması, vətəndaşların bu sahədə maarifləndirilməsi MHM-in daima diqqət mərkəzindədir.

Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) istismara verilmiş və mobil cihazların qeydiyyat işlərinə başlanılmışdır. Mobil cihazların qeydiyyatının aparılmasında məqsəd abunəçilərin mobil cihazlardan rahatlıqla istifadə edilməsinə şərait yaradılmasından, mənşəyi bilinməyən, texniki parametrləri standartlara uyğun olmayan, keyfiyyət əmsalları aşağı olan və insan orqanizmi üçün zərərli elektromaqnit şüalanmaları yayan mobil cihazların ölkəyə idxalının qarşısının alınmasından, həmçinin istehsalçı şirkətlərin tanınma dərəcəsinin və rəqabət qabiliyyətinin yüksəlməsinin təmin edilməsindən ibarətdir. Eyni zamanda, qeydiyyat sistemi itirilən mobil cihazların şəbəkədə istifadəsini mümkünsüz edir.

  1. MHM, "Azercell Telekom", "Bakcell LTD" və "Azerfon" MMC-lər tərəfindən sellülar (mobil) nömrə daşınması xidməti hazırlanaraq istismara başlanılmışdır. Bu xidmətin tətbiq edilməsi üçün tələb olunan avadanlıqlar, yəni həm mərkəzi baza sistemi avadanlıqları, həm də mobil operatorların şəbəkələrində tələb olunan avadanlıqlar quraşdırılmışdır. Qısa müddət ərzində 6000-ə yaxın mobil nömrə bu xidmətdən yararlanmışdır.
MHM bu gün informasiya texnologiyaları sahəsində aparıcı müəssisəyə çevrilmişdir və informasiya texnologiyalarının bütün istiqamətlərində peşəkar kadr potensialına malikdir. MHM-in 2 işçisi "Tərəqqi” medalı, 2 işçisi "Əməkdar Mühəndis” fəxri adı və bir çox işçiləri "Rabitə Ustası” fəxri adları ilə təltif olunmuşlar.

MHM İSO 9001:2008 beynəlxalq keyfiyyət sertifikatına malikdir.