"Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış mobil nömrələr barədə məlumatın verilməsi" elektron xidməti "Elektron hökumət" portalına inteqrasia edildi

1.07.14

Respublika ərazisində mobil nömrə daşınması xidməti 01 fevral 2014-cü il tarixindən etibarən fəaliyyətə başlamışdır.

Bu xidmət ümumistifadəli telekommunikasiya şəbəkəsi daxilində abunəçinin istifadə etdiyi mobil telefon nömrəsinin (şəbəkə kodu - 050, 051, 055, 070, 077 və nömrəni saxlamaq şərti ilə) həmin abunəçiyə xidmət göstərən mobil operatorun şəbəkəsindən çıxarılaraq digər mobil operatorun şəbəkəsinə daşınmasına imkan yaradır.

Xidmətin əsas məqsədi mövcud telekommunikasiya bazarında rəqabətin artırılmasına, operatorlar tərəfindən abunəçilərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsinə, nömrə resurslarından effektiv istifadənin təmin edilməsinə, istehlakçı hüquqlarının qorunmasına, abunəçilərin daha səmərəli xidmət təşklifi təqdim edən operatorun şəbəkəsinə maneəsiz keçməsinə şərait yaratmaqdan ibarətdir.

Qeyd edirik ki, xidmətin başlamasından keçən qısa müddət ərzində ümumilikdə 6000-ə qədər mobil nömrə daşınmışdır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) "Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış mobil nömrələr barədə məlumatın verilməsi” yeni elektron xidməti bu gündən "Elektron Hökumət” portalına integrasiya edilərək istifadəçilərə təqdim olunub. Bu xidmət vasitəsilə istifadəçi, istənilən mobil nömrəni sistemə daxil edərək, həmin nömrənin hazırda hansı mobil operatorun şəbəkəsində istifadədə olması haqqında məlumat əldə edə biləcək.


Bu xidmətdən istifadə etməklə Məlumat Hesablama Mərkəzinin (MHM) billinqində mobil nömrələrin hansı şəbəkəyə daşınması müəyyən olunur və Operatorlararası hesablaşmalar üçün tərtib edilən sənədlərdə nəzərə alınır. Beləliklə, mobil nömrəyə aid trafik onun hal hazırda daşınmış olduğu mobil Operatora şamil olunur.

Hazırda MHM və "Azərikard” MMC arasında bağlanılacaq müqavilənin layihəsi hazırlanır və tezliklə imzalanacağı gözlənilir. "Azərikard” MMC-nin prossesinq mərkəzinə qoşulmuş bankların müştərilərinin mobil telefon nömrələrinə onların plastik kartlarından aparılmış ödəniş əməliyyatları barədə SMS-lərin göndərilməsi zamanı həmin mobil nömrənin hazırda hansı şəbəkədə istifadədə olmasını bilmək vacibdir. Yuxarıda qeyd olunan e-xidmət vasitəsilə mobil nömrələrin hansı şəbəkəyə daşınması müəyyən olunaraq, nömrənin istifadədə olduğu mobil Operatora "Azərikard” MMC tərəfindən SMS göndəriləcək və həmin SMS Operator tərəfindən nömrəyə çatdırılacaq.

Hesab edirik ki, "Elektron Hökumət” portalında istifadəyə verilmiş bu yeni e-xidmət həm də mobil nömrə daşınması xidmətinin reklam rolunu oynayacaq və bu xidmətdən istifadə edən abunəçilərin sayının artmasına təkan vermiş olacaq.