Elektron imza istifadəçiləri üçün tam təhlükəsiz e-şifrləyici proqramı hazırlanmışdır

29.05.14

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi tərəfindən "Microsoft”un "Windows” əməliyyat sistemləri üçün nəzərdə tutulmuş yeni E-şifrləyici proqram təminatı istifadəçilərə təqdim edilmişdir. Bu proqramın köməyi ilə informasiyanın təhlükəsiz şəkildə mübadiləsi təmin olunur.


E-şifrləyici proqramı açıq açar kriptoqrafiyasına əsaslanaraq hazırlanmışdır. Açıq açar kriptoqrafiyasının bir növü olan asimmetrik şifrləmə əməliyyatından proqram yazılarkən istifadə olunmuşdur. Asimmetrik şifrləmə prosesi zamanı açar cütündən-açıq açar və gizli açar istifadə olunur. Bir-biri ilə bağlı olan açarlar şəxsiyyətin kimliyini autentifikasiya etmək üçün yararlıdır. Açıq açar vasitəsilə şifrlənən məlumat yalnız həmin açara bağlı olan gizli açar vasitəsilə deşifrlənə bilər. Son zamanlar informasiyanın təhlükəsiz şəkildə ötürülmə problemlərini nəzərə alaraq yaradılan e-şifrləyici proqramı Milli Sertifikat Xidmətləri Mərkəzinin elektron imza sertifikatı ilə imzalanmış sənədlərin mübadiləsini təmin edir.

E-şifrləyici proqramı informasiyanın iki şəxs arasında təhlükəsiz mübadiləsi üçün istifadəyə verilmişdir. Rahat və funksional istifadəyə malik proqram "MS Windows” platformasında istifadə üçün nəzərdə tutulmuşdur. E-şifrləyici proqramı "Visual Studio ortamında C#” proqramlaşdırma dilində hazırlanmışdır.
"Microsoft .Net Framework 3.5” və ondan daha yuxarı versiyaları dəstəkləyir. Şifrləmə prosesi AES simmetrik şifrləmə və RSA asimmetrik şifrləmə alqoritmlərindən istifadə ilə həyata keçirilir. İstifadə üçün elektron imza kartı, smart kart oxuyucu və internetə məhdudiyyətsiz çıxış tələb olunur.
E-şifrləyici proqramı elektron imza kartı vasitəsilə açılır. İstənilən şəxsin sertifikatı vasitəsilə şifrlənən imzalanmış sənədi, yalnız həmin şəxsin elektron imza kartı vasitəsilə açmaq mümkündür. Bu, bir daha üçüncü şəxsin sənədə baxa bilməməsini və informasiyanın təhlükəsiz mübadiləsini göstərir. Proqram və onun istifadə təlimatı "www.e-imza.az” saytında verilmişdir.