Əli Abbasov: "Elektron hökumət portalının xidmətlərinə aztəminatlı əhalinin ehtiyacı daha çoxdur"

26.05.14

"Elektron hökumət portalının xidmətlərinə aztəminatlı əhalinin ehtiyacı daha çoxdur”. Bunu jurnalistlərə açıqlamasında Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

Nazir bildirib ki, bu gün artıq elektron hökumət portalı tərəfindən əhaliyə 300-dən çox mərkəzləşdirilmiş xidmət təklif olunur. "Bu xidmətlərin çeşidləri və elektronlaşması davam etdirilir. İkinci tərəfdən isə elektron xidmətlərin regionlara, kəndlərə verilməsi istiqamətində işlər genişləndirilir. Çünki bu gün elektron hökumət portalının xidmətlərinə aztəminatlı əhalinin ehtiyacı daha çoxdur, nəinki yüksək təminatlı vətəndaşların. Ona görə, elektron xidmətlərin təşkil olunmasından əlavə onun ucqar yerlərə çatdırılması bizim üçün əsas məsələlərdən biridir. Bu istiqamətdə biz, geniş zolaqlı internet infrastrukturunun genişləndirilməsi layihəsini inkişaf etdiririk”.

Nazir əlavə edib ki, respublikamızda əhalinin internet sıxlığı 70%-dən çoxdur: "İnternetin əlçatanlılığa görə, ölkəmiz irəlidə gedən ölkələrdəndir”.

Ə. Abbasovun sözlərinə görə, 2014-cü il üçün dünya Davos İqtisadi Forumunun Qlobal texnoloji hesabatında Azərbaycan 7 pillə irəliləyərək 49-cu yerdə qərarlaşıb.

Onun sözlərinə görə, əhaliyə göstərilən informasiya xidmətlərinin yüksəldilməsi istiqamətində işlər davam etdirilir.