Elektron sənədlərin onlayn imzalanması üçün "E-imzalayıcı" proqram məhsulu hazırlanıb

7.05.14

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi elektron sənədlərin onlayn imzalanması üçün proqram məhsulu təqdim edir.

Son vaxtlar həm dövlət, həm də biznes strukturlarında elektron sənəd mübadiləsindən istifadə, eləcə də bu strukturlar tərəfindən təqdim edilən elektron xidmətlərın tətbiqi sürətlənmişdir. Ancaq həm elektron sənəd mübadiləsində, həm də elektron xidmətlərdə vacib olan elektron sənədlərin onlayn imzalanmasında olan mürəkkəblik, veb üzərindən sənədlərin imzalanmasına imkanın olmaması, istifadəçi tərəfindən istifadə olunan əməliyyat sistemlərinə və brauzerlərə olan spesifik tələblər, e-imza həllərindən proqram səviyyəsində istifadəsi üçün spesifik bacarıqlar elektron imzanın geniş istifadəsinə müəyyən məhdudiyyətlər yaradır.
Elektron sənədlərin imzalanması üçün təklif edilən mövcud "E-imzalayıcı” proqramı yalnız Windows əməliyyat sistemində işlədiyindən, bu digər əməliyyat sistemlərini istifadə edənlərə problemlər yaradır və istifadəçiləri ən yaxşı halda Windows əməliyyat sisteminə keçməyə məcbur edir.

Qeyd olunan problemləri nəzərə alaraq, Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri yeni texnologiyaların istifadəsi ilə mövcud "E-imzalayıcı” proqramını yenidən qurmaq, əməliyyat sistemləri və brauzerdən asılı olmayan, onlayn imzalanma zamanı istifadəçidən minimal əməliyyat icrası tələb edən, rahat dizayna malik, eyni zamanda mövcud olan sistemə inteqrasiya edilmək imkanında olacaq tam yeni proqram məhsulu hazırlamışlar. Bu proqram məhsulunun köməyi ilə sənədlərin birbaşa olaraq veb üzərindən imzalanması mümkün olmaqla yanaşı, istənilən brauzerlərdə və əməliyyat sistemlərində istifadəsi, elektron sənəd mübadiləsi sistemlərinə tətbiqi mümkündür.
Proqramın hazırlanmasında əsas məqsəd elektron imzanın tətbiq sahəsinin genişləndirilməsi, elektron sənəd dövriyyəsinin sürətləndirilməsi, "E-hökumət” portalı vasitəsilə istifadəçi sahəsinin daha da artırılması və onlara daha asan xidmətin göstərilməsidir.

Bütünlükdə götürüldükdə, onlayn imzalayıcının əsas üstünlükləri bunlardır:

- Əməliyyat sistemindən aslıı olmayan iş prinsipi;
- İmzalanmış sənəd haqqında informasiyanın çapı;
- İmzalanmış faylın export edilməsi;
- İnterfeysin Azərbaycan, rus və ingilis dillərində olması;
- İmzalanma prosesi zamanı imza sertifikatının avtomatik olaraq seçilməsi;
- Sadə interfeys və asan istifadə qaydası.
Proqram məhsulunda aşağıdakı istifadəçi tələbləri nəzərə alınmışdır:
- Bütün əməliyyat sistemlərində işlətmək imkanı;
- Müxtəlif brauzerlərdə işləmək imkanı;
- İmzalanmış sənədin imza atributu ilə çap edilməsi;
- Xarici vətəndaşlar üçün rus və ingilis dillərində interfeys;
- Elektron sənədin veb üzərindən imzalamaq imkanı.
Sistem tələbləri bunlardır:
- Kart və kart oxuyucu drayveri;
- Web Browser (Google Chrome, Mozilla Firefox, Internet Explorer və s.);
- Java Runtime Environment (JRE 1.6 və ya daha yeni versiya).

Hazırda proqramın demo-beta versiyası e-imza.az saytında yerləşdirilmişdir və istifadəçilərimiz proqramdan istifadə edərək onun imkanlarını qiymətləndirə bilərlər.
Proqram əlavəsindən istifadə etməklə, müxtəlif korporativ proqram və informasiya sistemlərində sənədlərin online, mühiti tərk etmədən imzalanma prosesi aparmaq mümkün olacaqdır ki, bu isə son nəticədə e-imza həllərindən daha geniş spektrdə istifadəsinə yol açmış olacaqdır. Online imzalama həmçinin e-imza həllərinin kommersiyalaşmasına, bazarda müxtəlif proqram məhsullarının hazırlanaraq təklif olunmasını sürətləndirəcəkdir.