Elektron imza xidmətləri üçün yeni tariflər müəyyənləşdirilib

30.04.14

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi əhalinin elektron imza xidmətlərindən istifadəsinin genişləndirilməsi və bu xidmətlərə əlçatanlığın təmin edilməsi istiqamətində proseduraların təkmilləşdirilməsini və sadələşdirilməsini davam etdirir.

Bununla bağlı aparılan tədbirlərin bir istiqaməti kimi, elektron imza xidmətləri üçün yeni tariflər müəyyənləşdirilib. Yeni tariflərə əsasən, elektron imzanın qiyməti əhali üçün 18 manat, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün 36 manat, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər üçün 72 manat təyin edilib. Bu tariflərə 3 illik elektron imza xidmətləri, elektron imza daşıyıcısı olan smart kart və 3 il ərzində vaxt göstəricilərinin qeyd olunması xidmətindən limitsiz istifadə daxildir.

Dövlət strukturları üçün elektron imzanın qiyməti isə 80 manat təşkil edir. Bu tarifə elektron imza üçün 3 illik tam xidmətlərlə yanaşı, kart oxuyucusu (cardreader) da daxildir.

Qeyd edək ki, elektron imza müasir dövrün tələbləri ilə ayaqlaşmaq istəyənlər üçün effektiv həll hesab edilir və elektron imza - elektron dünyada şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Azərbaycan Respublikasının qanunlarına əsasən, elektron imza ilə imzalanmış elektron sənədlər əl imzası ilə imzalanmış və möhürlənmiş sənədlərə bərabər tutulur. Elektron imzanın üstünlüklərinəvaxta qənaət, məxfilik, rahatlıq, bütünlük, tanınma, inkaredilməzlik (məsuliyyətdən yayınmanın mümkünsüzlüyü), işgüzar münasibətlərin və əlaqələrin tamamiləelektronformata keçirilməsi daxildir.

Elektron imza ilə imzalanmış sənədlər bir neçə saniyə ərzində lazım olan yerə çatdırıla bilər. Elektron sənəd mübadiləsinin bütün iştirakçıları bir-birindən uzaqda olmalarına baxmayaraq, eyni imkanlar əldə edirlər.

Elektron imzanın istifadəsi zamanı sənədlər adi kağız sənədlər kimi hüquqi qüvvəyə malik olur. Elektron imzanın elektron sənəd dövriyyəsində tətbiqi rəsmi yazışmaların elektron formada həyata keçirilməsi və etibarlılığın artırılmasına, elektron kommersiyanın inkişafına nail olunmasına, dövlət və vətəndaş, dövlət və sahibkar, dövlət və dövlət orqanları arasında münasibətlərdə şəffaflığa, kargüzarlıq əməliyyatlarına sərf olunan vaxta qənaət olunmasına və iş prosesinin sistemləşdirilməsinə xidmət edir.

Bir sözlə, elektron imza dövrün tələbləri sırasında informasiya cəmiyyətinin vacib elementlərindən birinə çevrilir.
E-imza kartı konkret şəxsə aid olduğu üçün bu elektron imzadan yalnız həmin imza sahibi istifadə edərək, elektron sənədi imzalaya bilər. Kartın başqa şəxsə verilməsi və identifikasiya kodunun (PİN kodun) digər şəxsə bildirilməsi ciddi pozuntu halı hesab edilir.

Bir adam istənilən qədər sertifikata sahib ola bilər. Məsələn, bir adamın biri hüquqi, digəri fiziki şəxs kimi iki e-imza kartına sahib olması mümkündür. Elektron imza sertifikatını Milli Sertifikat Xidmətləri Mərkəzinin Qeydiyyat məntəqələrindənvə ya onlayn şəkildə əldə etmək mümkündür. Verilən sertifikat üçün fəaliyyət müddəti müəyyən edilir. Hazırda qanunvericiliyə əsasən sertifikatın fəaliyyət müddəti 3 ildir. Bu müddət bitəndə imza sahibinin istəyinə əsasən ona yeni sertifikat verilir. Sertifikatın tətbiq sahəsi qanunvericiliyə əsasən tələb olunan sənədlər əsasında sertifikata daxil edilmiş informasiyadan birbaşa asılıdır. Bu sənəd nə qədər çox informasiya təşkil edirsə, onun faydalı fəaliyyət müddəti də bir o qədər az olur. Bu onunla əlaqədardır ki, informasiya dəyişə bilər və onun sahibinə köhnə sertifikatın fəaliyyət müddəti bitənə qədər yenisini vermək lazım gələcək. Bundan əlavə, sertifikatda olan istənilən informasiya ümumaçıq olur. Beləliklə, aydın olur ki, sertifikata mümkün olduqca az informasiya daxil etmək lazımdır. Sertifikatın ləğv edilməsi sertifikatlaşdırma prosesinin tərkib hissəsi hesab edilir. Sertifikatın müddəti bitənə qədər onun ləğv edilməsi üçün bir çox səbəblər mövcuddur. Məsələn, onun sahibi iş yerini dəyişmiş və ya elektron imza kartını itirmişdir. Belə hallarda sertifikatı təcili olaraq ləğv etmək lazımdır. Əsas məqsəd onu təsadüfi istifadədən və ya pisniyyətlilərdən qorumaqdan ibarətdir.
Elektron imzanı Azərbaycanın bütün ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında əldə etmək olar.

RYTN MHM tərəfindən elektron imzanın tətbiq sahələrinin daha da genişləndirilməsi üçün müxtəlif istifadəçi əlavələrinin hazırlanması istiqamətində də işlər uğurla davam etdirilir.

Artıq bir müddətdir ki, "www.e-imza" saytında, e-imzada istifadə menyusunda "E-şifrləyici" proqram əlavəsi yerləşdirilmişdir. İstifadəçilər bu proqramı öz kompüterlərinə yükləməklə məlumatların açıq açar infrastrukturu vasitəsilə şifrlənməsini və deşifrlənməsini həyata keçirə bilərlər.

Həmçinin, məlumatların veb üzərindən onlayn imzalanması da artıq öz həllini tapmışdır. Yaxın günlərdə bu servisin beta versiyası saytımızda və "Elektron hökumət" portalında yerləşdiriləcəkdir.

Hər iki texnoloji yenilik birbaşa praktiki tətbiqinə ehtiyac duyulan servislərdir. Hesab edirik ki, bu yeniliklər bilavasitə kommersiya yönümlü olduqlarından, fərdi sahibkarlığın inkişafında, bankçılıq sahələrində e-imzanın praktik istifadəsinə yeni bir təkan vermiş olacaqdır.