Məlumat Hesablama Mərkəzi "Over-The-Top" texnologiyası üzərindən xidmətlər göstərəcək

30.12.13

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi "Over-The-Top (OTT)” texnologiyası üzərindən yeni internet televiziya xidmətini istifadəyə verməyə hazırlaşır. Yeni xidmət "www.ott.az” saytı üzərindən gələn il yanvarın 15-dən etibarən istifadəyə veriləcək.

"İlkin mərhələdə yeni texnologiya vasitəsilə 44 televiziya kanalına baxmaq mümkün olacaq, gələcəkdə isə kanalların sayının artırılması gözlənilir. Xidmətin tarifi 6 manat təşkil edəcək və ödənişi internet üzərindən, ödəniş terminalları vasitəsilə həyata keçirmək mümkün olacaq”,- deyə MHM-dən bildiriblər.

Qeyd edək ki, "OTT” texnologiyası istifadəçiyə dünyanın istənilən provayder şəbəkəsində keyfiyyətli çoxkanallı televiziya xidmətlərini göstərməyə imkan verir. Bu xidmətlərdən istənilən qurğudan istifadə etmək mümkündür, istər televizor olsun, istərsə də smartfon, kompüter, planşet və s.