Bakutel-2013 sərgisində "Elektron Hökumət" portalı yüksək fəallıq göstərdi

6.12.13

Bakı Ekspo Mərkəzində 2-5 dekabr tarixlərini əhatə edən telekommunikasiya və informasiya texnologiyaları sahəsində Xəzər və Qafqaz regionlarının ən böyük tədbiri olan "Bakutel- 2013" sərgisi bitdi. Xəbər verdiyimiz kimi "Elektron hökumət” portalında e-xidmətlərdən istifadənin artırılması məqsədilə və vətəndaşların e-xidmətlərə olan marağını nəzərə alaraq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən "Bakutel-2013" sərgisində "Elektron Hökumət Portalı” pavilyonu quraşdırılmışdı. 

Çox sevindirici haldır ki, sərginin üçüncü günü də insan axınının ən böyük cəmləşdiyi məntəqlərdən biri yenə də "Elektron hökumət portalı” pavilyonu oldu. Artıq bir neçə gün əvvəldən bəzi xəbər portallarında sərgi iştirakçılarının ödənişsiz e-imza vəsiqəsi və kart oxuyucu ala biləcəyi anonsu verilmişdi. Bunun üçün pavilyona müraciət edən vətəndaşlar ilk növbədə şəxsiyyət vəsiqəsini təqdim etməklə sadələşdirilmiş kod-parol əldə etməlidirlər. Sərginin ilk günü 130, ikinci gün 300-dən çox, üçüncü gün bu rəqəm daha da artmış, yəni 330-dan çox iştirakçıya ödənişsiz e-imza vəsiqəsi və kart oxuyucusu təqdim edilib. Qeyd edək ki, "Bakutel-2013” sərgisi çərçivəsinin 4 günü ərzində 1020-yə yaxın vətəndaş "Elektron hökumət” portalından qeydiyyatdan keçməklə ödənişsiz olaraq elektron imza vəsiqəsi və kart oxuyucu əldə edib.