"Elektron hökumət"də yeni sistem - Açıq məlumatlar

1.11.13

"Elektron hökumət” quruculuğu istiqamətində dünyanın bir sıra inkişaf etmiş ölkələrində hökumət əməliyyatları üçün yeni sistemin tətbiqinə başlanıb.
Cənubi Koreya dövləti bu mərhələyə qədəm qoyan ölkələr sırasındadır və artıq uğur da qazanıb. Bu günlərdə isə "E-government 3.0” və "Open Data” kimi tanınan bu yeni sistemin Azərbaycanda da tətbiqinə başlanıb. Bəs, bu yenilik nədən ibarətdir?


AzNews.az yeni sistemin mahiyyətini araşdırıb.

"Açıq Elektron Hökumət” adlanan bu yeni sistem ictimai məlumatları açıq şəkildə yayaraq istənilən sahədə iş quruculuğuna və yaradıcı iqtisadiyyata dəstək olmaq məqsədi daşıyır.
"E-government 3.0” və "Open Data” adlanan sistem ayrı-ayrı şəxsləri fərdiləşdirilmiş xidmətlərlə təmin edir, eləcə də dövlət qurumları arasındakı baryerləri aradan qaldırır.
"Açıq Elektron Hökumət” yalnız metodoloji nöqteyi-nəzərdən deyil, eyni zamanda istifadəçilərin tələblərinə uyğun olaraq, dəqiq strukturlar əsasında təqdim edilir. Bu struktur özündə açıq məlumatlar, paylaşma, ünsiyyət və əməkdaşlıq prinsiplərini əks etdirir.
Açıq məlumatlar - dövlət orqanlarının və yerli hakimiyyət orqanlarının fəaliyyəti haqqında insan tərəfindən dəyişiklik edilmədən təkrar istifadə məqsədilə avtomatik emalı təmin edilən, internetdə şəbəkə formatında yerləşdirilmiş məlumatlardır.
Daha sadə desək, açıq məlumatlar istənilən şəxsin azad istifadə edə biləcəyi və paylaşa biləcəyi məlumatlardır. Bu məlumatların yerləşdirilməsindən asılı olmayaraq, istənilən şəxs tərəfindən qanuna müvafiq şəkildə istifadə edilə bilər. Açıq məlumatlar dövlət orqanları tərəfindən təfərrüatlı şəkildə elektron formatda təqdim edilir. Bu məlumat toplusu şəxsi məlumatları, ticarət və dövlət sirlərini özündə birləşdirmir. İnformasiyanın əldə edilməsi məlumatı təqdim edən orqanın göstərdiyi tələblərə uyğun şəkildə aparılır və öz ilkin formasında təqdim olunur. Açıq məlumatlar müəyyən prinsiplər əsasında təqdim edilir.

Bu prinsiplərə misal olaraq aşağıdakıları göstərmək olar:
• Qeydiyyatsız istifadə;
• Məlumatın tamlığı;
• Daim əldə edilən və yenilənən;
• Sadə və rahat istifadə olunan və yüklənə bilən format;
• Tələb olunan standartlara uyğunluq.

Məlumatların açıq formatda yerləşdirilməsinin əsas funksiyası iş dünyasının, eləcə də cəmiyyətin bütün üzvlərinin maksimal dərəcədə beynəlxalq, siyasi, sosial və iqtisadi effekt əldə etməsidir.
"Açıq Elektron Hökumət” sisteminin əsasını "Şəffaf hökumət”, "Tələblərə cavab verən hökumət”, "Xidmət-yönümlü hökumət” anlayışları təşkil edir. "Şəffaf hökumət” - cəmiyyəti hökumətin fəaliyyətindən xəbərdar saxlayan, vətəndaşların gündəlik həyatlarına təsir edən məlumatları açıq şəkildə paylaşan, vətəndaşlarla daim əlaqədə olan, vətəndaşların dövlət əhəmiyyətli işlərdə iştirakı və onlarla əməkdaşlıq üçün çoxşaxəli vasitələr təmin edən və s. sistem anlayışıdır.
"Tələblərə cavab verən hökumət” isə nazirliklər arasında baryeri aradan qaldırmaqla, onların strukturlarını təşkilat əsasında olmaqdan tələb əsasında olmağa doğru dəyişərək nəticə əldə edir. Bütün məlumatların nazirliklər arasında paylanmasını təmin edərək hökumətin əməliyyat sistemini inkişaf etdirən sistem anlayışıdır. "Xidmət yönümlü hökumət” - fərdiləşdirilmiş xidmətləri təmin edən, kiçik və orta ölçülü bizneslərə dəstək olan, ehtiyacı olan insanlarla üz-üzə əlaqəni təmin edən, smart informasiya texnologiyalarını istifadə edərək insanların gündəlik həyatları ilə sıx əlaqəli xidmət sahələri üçün mobil xidmətlər təmin edən sistem anlayışıdır.
"Elektron hökumət” portalının operatoru funksiyasını həyata keçirən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən portaldan vətəndaşlara aid fərdi məlumatlar üzrə arayış, lisenziya, sertifikat və s. rəsmi sənədlərin (diplomun surəti, kupça, müxtəlif vəsiqələr və s. ) avtomataşdırılmış şəkildə təqdim olunması və yoxlanılması ilə bağlı elektron xidmət hazırlanıb.
Hal-hazırda xidmətin reqlamenti və hüquqi qüvvəsini tənzimləyən qaydaların hazırlanması üzərində işlər aparılır. Xidmətin hazırlanması üçün Azərbaycan Respublikasının "Fərdi Məlumatlar haqqında” Qanununun 7-ci maddəsinin 7.1.3 bəndi, "İnformasiya əldə etmək haqqında” Qanununun 38-ci maddəsinin 38.6.6-ci bəndi və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il tarixli 5 fevral 813 nömrəli Fərmanı ilə təsdiq edilən "Elektron hökumət” portalı haqqında Əsasnamə”nin 1.2-ci bəndləri əsas götürülüb.
Bu tip xidmətlərin hazırlanması, texnoloji imkanların təqdim edilməsi və bu texnologiyadan digər xidmət təminatçıları tərəfindən müxtəlif fərdi məlumatların, rəsmi sənədlərin verilməsində istifadə edilməsi nəzərdə tutulub. Həmçinin "Fərdi məlumatlar haqqında” qanuna əsasən, vətəndaşın razılığı əsasında ona aid fərdi məlumatların bu məlumatları tələb edən quruma ötürülməsi servislərinin təqdim edilməsi də nəzərdə tutulub. Açıq məlumatlar – "e-government 3.0” istiqamətində ilk xidmət kimi təqdim ediləcək fərdi məlumatlar haqda arayışların verilməsi xidməti özəl sektorda da bir sıra xidmətlərin sadələşməsinə imkan verəcək. Nəticədə isə vətəndaş və özəl sektor məmnunluq, rahatlıq, şəffaflıq, operativlik əldə etmiş olacaq.
Xatırladaq ki, istifadəçilər www.e-gov.az portalına daxil olaraq, müvafiq xidmətin göstərilməsi və yoxlanılması xidmətlərindən istifadə edə biləcəklər.