Tezliklə "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayış"lardan istifadə olunacaq

22.10.13

Müxtəlif səbəblərlə bağlı tələb edilən arayışları əldə etmək və onları müvafiq quruma təqdim etməyin ən qısa yolu "Elektron hökumət” portalından keçir. Belə ki, portalın fəaliyyətinin təkmilləşdirilməsi üzərində işləri davam etdirən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) artıq "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayış” sistemini işləyib hazırlayıb.

Arayışın hazırlanması və verilməsi üçün əsas kimi Fərdi məlumatlar haqqında Azərbaycan Respublikasının müvafiq bəndlərinə istinad edilib. Belə ki, mülkiyyətçi və ya operator ödənişsiz olaraq vətəndaşa onun haqqında məlumatları təqdim etməlidir. Həmçinin qanuna fərdi məlumatların üçüncü şəxslər tərəfindən mülkiyyətçiyə və ya operatora, eləcə də onlar tərəfindən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin - yəni vətəndaşın yazılı razılığı ilə yol verilir.

Belə ki, portalda vətəndaş haqqında müxtəlif xidmət təminatçıları tərəfindən təqdim edilən fərdi məlumatların bir arayış formasında cəmlənərək, ona unikal İD verilməsi nəzərdə tutulub. Sənədə həmçinin ştrix kod da əlavə edilir.

Arayışın formalaşdırılması zamanı vətəndaş arayışda onun barəsində olan fərdi məlumatların konkret quruma ötürülə biləcəyinə razılıq verir. Vətəndaş arayışı tam və ya yalnız unikal İD və ştrix kodu çap edərək aidiyyəti quruma təqdim edə bilər. Arayışın həqiqiliyinin yoxlanması üçün arayış təqdim edilən qurum unikal İD-ni portalda arayışların yoxlanılması elektron xidmətinə daxil olmaqla, müvafiq İD-ni daxil edir. Portal İD nömrəsinə əsasən arayışı arxivdən tələb edənə təqdim edir. Tələb edən arayışı təkrar çap edib doğruluğunu təsdiq edə bilər. İnformasiya sistemləri olan qurumlar üçün arayışın elektron formada import edilməsi də nəzərdə tutulub.

Hələlik bank sektorunda istifadəsi nəzərdən keçirilən yeni sistemin reallaşması kreditlə bağlı əməliyyatların daha sadə və qısa zaman ərzində həyata keçirilməsinə imkan yaradacaq. Arayışın elektron qaydada təqdim edilməsi həm istifadəçiyə, yəni müştəriyə, həm də bank sisteminin özünə xeyli üstünlüklər qazandıracaq. Məlumdur ki, daha böyük məbləğdə kredit almaq istəyində olan müştəri bunun üçün müraciət etdiyi banka xeyli sayda arayış təqdim etməlidir ki, ayrı-ayrı qurumlardan müvafiq arayışın əldə edilməsinə də xeyli zaman sərf edilir.

Eyni zamanda bank təşkilatlarının səmərəliliyi və rəqabətə davamlılığının artırılmasının kredit, bazar və əməliyyat risklərinin azalması ilə bağlılığını nəzərə alsaq, elektron arayış risk faktorunun azalmasına da yardım edir. Belə ki, elektron arayışda vətəndaşla bağlı bütün məlumatlar mərkəzləşmiş qaydada vahid portal üzərindən həyata keçirildiyindən kreditlə bağlı əməliyyatların yerinə yetirilməsi zamanı banklara saxta sənəd təqdimatı riski də minimallaşmış olur.

Beləliklə, vətəndaş sözügedən arayışı istədiyi zaman çap və ya transfer də edə biləcək. Arayışın elektron formada digər qurumlara transferi məqsədilə ilə isə xüsusi servisin (server yox, servis) hazırlanması nəzərdə tutulur.

Qeyd edək ki, yaxın gələcəkdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən "Elektron arayışların verilməsi qaydaları”nın hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilməsi də nəzərdən keçirilir.