"İKT ili" çərçivəsində 2013-cü ildə sektorun inkişafı ilə bağlı genişmiqyaslı işlər görülüb

21.10.13

"İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilən 2013-cü ilin 3-cü rübü də artıq geridə qaldı. Qəbul olunmuş dövlət proqramlarının icrası 9 ay ərzində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən diqqət mərkəzində saxlanılıb və qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün tədbirlər həyata keçirilib. Eyni zamanda RİTN tərəfindən həyata keçirilən tədbirlərin effektivliyini artırmaq məqsədilə özündə konkret tapşırıq və vəzifələri cəmləşdirən "2013-cü ildə rabitə və informasiya texnologiyaları göstəricilərinin yaxşılaşdırılması üzrə Tədbirlər Planı" təsdiq edilərək icrasına başlanılıb.

İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi müqayisədə artıb

Görülən işlərin nəticəsi olaraq, İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.5% artaraq 1196.8 milyon manat, eyni zamanda artım tempi İKT sektorunda 10.5 %, o cümlədən telekommunikasiya sektorunda 6.7%, İT sektorunda 1,6 dəfə, eyni zamanda, poçt sektorunda 8.0%, informasiya sektorunda isə 14.6% təşkil edib. İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin təxminən 76.4 %-i qeyri-dövlət rabitə müəssisələrinin payına düşüb. Telekommunikasiya sektorunda əldə olunan gəlirlərin 63,9%-i mobil operatorların payına düşməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə mobil sektor üzrə real artım tempi 9.3 % təşkil edib. İKT, poçt və informasiya sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı 1,8% təşkil edib. RİTN-in strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 2013-cü ilin 9 ayı ərzində dövlət büdcəsinə 29,5 milyon manat, DSMF-yə isə 12.5 milyon manat vəsait ödənilib. Ümumilikdə informasiya, rabitə və poçt sektoruna 142,6 milyon manat investisiya qoyulub ki, bu da ölkə iqtisadiyyatına qoyulan ümumi investisiyada 1.2% təşkil edir.

Hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 110-a bərabərdir

Hazırda ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 110-a bərabərdir. Eyni zamanda hesabat dövründə əsas telefon aparatlarının ümumi sayı 1465431 ədədə çatıb. Respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 18,65 ədəd təşkil edir. Bu göstərici Bakı şəhərində 37,7 ədəd, respublikanın digər ərazilərində 11,61 ədəd, kənd yerlərində isə 7,21 ədəd təşkil edir. Hər 100 ailəyə düşən telefon aparatlarının sayı isə 69,01-dir. Bu göstərici Bakı şəhəri üzrə 136,76 ədəd, respublikanın digər ərazilərində 48,1 ədəd, kənd yerlərində isə 32,8 ədəd təşkil edir.

Beynəlxalq internet kanallarının ümumi tutumu 2,3 dəfə artırılıb

Ötən ilin müvafiq dövrü ilə müqayisədə beynəlxalq internet kanallarının ümumi tutumu 2,3 dəfə artırılaraq təqribən 200 Gb/s-ə çatdırılıb. Cari ilin 9 ayı ərzində "Aztelekom" İB-nin beynəlxalq stansiyası üzərindən dünya ölkələrindən Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 94.4 mln. dəqiqə azalaraq 400.0 mln. dəqiqə, çıxış trafikinin həcmi isə 21.4 mln. dəqiqə azalaraq 121.0 mln. dəqiqə təşkil edib. Həyata keçirilmiş tədbirlər nəticəsində hazırda respublikanın ümumi beynəlxalq kanallarının sayı ilin əvvəli ilə müqayisədə 1189 ədəd artırılaraq 10 574 ədədə çatdırılıb.

Adımız dünya kosmik sənaye ölkələri sırasında

Cari ilin ən mühüm hadisələrindən biri məhz 2013-cü ilin 8 fevral tarixində Azərbaycanın ilk telekommunikasiya peykinin Fransız Qvianasında yerləşən Kuru kosmodromundan orbitə çıxarılmasıdır. Bununla da ölkəmizin adı dünya kosmik sənaye ölkələri sırasına yazıldı. Bu gün artıq kommersiya fəaliyyətini davam etdirən
"Azerspace-1" peyki üzərindən yayımlanan kanalların sayı 58-ə çatdırılıb.
Eyni zamanda yüksək ayırdetməli peyk xidmətlərinin təchizatçıları ilə distribüter müqaviləsi əsasında 2013-cü ildən aidiyyəti dövlət qurumlarının, o cümlədən güc strukturlarının optik və radar peyk təsvirləri ilə təchiz edilməsinə başlanılıb.

Peykin BMT-də beynəlxalq qeydiyyata alınması üçün sənədlər artıq tərtib olunub

2016-cı ildə yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı yer orbitinə çıxarılması istiqamətində istehsalçı şirkətlərlə danışıqlar aparılır. "Azərkosmos" ASC-də ISO 9001:2008 auditi keçirilərək "Bureau Veritas"-ın beynəlxalq keyfiyyət standartına uyğunluq sertifikatının əldə olunması təmin edilib. Peykin BMT-də beynəlxalq qeydiyyata alınması üçün sənədlər artıq tərtib olunub.
Hesabat dövrünün diqqətdə olan məsələlərindən biri də mobil nömrə daşınması istiqamətində görülən işlərdir. Bu yeniliyin tətbiqi məqsədilə mobil operatorların şəbəkələrində lazımi avadanlıqlar qurularaq mərkəzi baza sisteminə qoşulub və test-sınaq işləri aparılıb.

"Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafi üzrə 2013-2020-ci illər üçün Milli Strategiya"nın layihəsi də baxılmaqdadır

Hesabat dövründə informasiya cəmiyyətinin inkişafı, İKT-nin cəmiyyətdə tətbiqi və əhalinin İKT biliklərinin artırılması istiqamətində də ardıcıl işlər görülüb. "2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və "elektron hökumət"in inkişafına dair Dövlət Proqramı", "Elektron hökumət" portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı" və "İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin "Elektron hökumət" portalına qoşulması üçün texniki tələblər"in layihələri hazırlanıb, aidiyyəti qurumlarla razılaşdırılıb və Nazirlər Kabinetinə təqdim olunub. "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafi üzrə 2013-2020-ci illər üçün Milli Strategiya"nın layihəsi hazırlanıb, hazırda dövlət qurumları ilə razılaşdırılmış və rəy və təkliflər nəzərə alınmaqla Nazirlər Kabinetinə göndərilib.

"İKT-2" qrant müsabiqəsinin qaliblərinoyabrın 10-da elan olunacaq

"İKT ili" çərçivəsində 01.06.2013-cü ildən etibarən ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş "Mən Azərbaycanlıyam" onlayn bilik yarışmasına start verilib. İndiyədək 95000-ə yaxın şəxs yarışmada iştirak edib, qaliblər müxtəlif növ hədiyyələrlə mükafatlandırılıblar. "Mənim Azərbaycanım" internet fotomüsabiqəsinə isə 01.07.2013-cü il tarixindən start verilib.
"İKT ili" çərçivəsində cari ilin sentyabr ayından RİTN və Elmin İnkişafı Fondu birgə əhəmiyyətli layihələr üzrə "İKT-2" qrant müsabiqəsinin keçirilməsinə də start verilib ki, müsabiqənin qalibləri noyabr ayının 10-da elan olunacaq.

9 elektron xidmət üzrə hazırlanmış inzibati reqlamentlər Ədliyyə Nazirliyinə göndərilib

Cari ildə "Elektron hökumət" istiqaməti üzrə aparılan işlər də sürətləndirilib. Belə ki, Elektron imza xidmətindən istifadə məqsədi ilə müraciət edən dövlət orqanlarının əməkdaşlarına, hüquqi və fiziki şəxslərə verilmiş elektron imzaların sayı 15 811 ədədə çatdırılıb. "Elektron hökumət" portalına qoşulan qurumların sayı 41-ə, onların portala inteqrasiya edilmiş elektron xidmətlərinin sayı 256-ya çatdırılıb. Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilən "Elektron xidmət növlərinin Siyahısı"nda RİTN üzrə müəyyənləşdirilmiş 15 elektron xidmətdən 6-nın inzibati reqlamentləri hazırlanıb, təsdiq edilib və Ədliyyə Nazirliyi tərəfindənHüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. Digər 9 elektron xidmət üzrə hazırlanmış inzibati reqlamentlər Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilib.

Biometriya, informasiya təhlükəsizliyi və rəqəmli videoyayım üzrə milli standartların layihələri hazırlanır

Bundan başqa, 2013-ci ildə Standartlaşdırma üzrə "İnformasiya-kommunikasiya texnologiyaları" Texniki Komitəsində (TK 05) hazırlanmış 6 standart SMPDK tərəfindən dövlət qeydiyyatına alınıb. TK 05-də biometriya, informasiya təhlükəsizliyi və rəqəmli videoyayım üzrə milli standartların layihələrinin hazırlanması üzrə işlər davam edir.
İcrası davam edən digər layihə informasiya texnologiyalarının cəmiyyətə nüfuzetmə səviyyəsini artırmaq, əhalinin kompüterlərlə təminatını yaxşılaşdırmaq məqsədilə RİTN-in təşəbbüsü və Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə həyata keçirilən "Xalq kompüteri" layihəsidir. Hal-hazırda 21 750 nəfər layihə iştirakçısı kompüter əldə edib.

Hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 70-ə, genişzolaqlı internet istifadəçilərinin sayı 50-yə bərabərdir

İnternet göstəricilərinə gəlincə, hazırda ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 70-ə, genişzolaqlı internet istifadəçilərinin sayı isə 50-yə bərabərdir. 2013-cü ildə həyata keçiriləcək əsas tədbirlərdən biri də məhz 2013-2015-ci illər ərzində ölkənin hər bir yaşayış məntəqəsində (hətta ən ucqar kəndlərdə) fiber-optik kabel şəbəkəsi üzərindən əhalinin yüksəksürətli, genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərinə çıxışını nəzərdə tutan "Milli genişzolaqlı internetin inkişafı" layihəsidir. Hazırda layihə aidiyyəti dövlət qurumları ilə tam razılaşdırılıb və yaxın günlərdə Nazirlər Kabineti tərəfindən Prezident Administrasiyasına təqdim olunacaq.

Cari ilin sonuna qədər BTRİB, "Aztelekom" istifadəçiləri yeni "TELNET" proqramına keçəcəklər

Məlumat Hesablama Mərkəzi tərəfindən mövcud ənənəvi şəbəkəyə alternativ olaraq yaradılan və respublikanın bütün ərazisini əhatə edən "AzDataKom" şəbəkəsinin genişləndirilməsi, ayrı-ayrı sistemlər üzrə proqram təminatının yaradılması və ya yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. 01.10.2013-cü il tarixinə "Azdatakom" şəbəkəsinin 1758 əhali, 1258 təşkilat abunəçisi var.
MHM-in mərkəzi serverlərinin dayanıqlı işinin təmin edilməsi və virus hücumlarının qarşısının effektiv alınması üçün SSH texnologiyasını dəstəkləyən yeni "TELNET" proqramı yazılıb. 2013-cü ilin sonuna kimi BTRİB, "Aztelekom" İB istifadəçilərinin tam şəkildə yeni "TELNET" proqramına keçilməsi planlaşdırılır.
MHM tərəfndən e-imza sertifikatlarının verilməsi prosesi də davam etdirilir. Əvvələr vətəndaşlara göstərilən onlayn "E-ərizə" xidmətinə, hüquqi və fiziki şəxslərə göstərilən onlayn "E-ərizə" xidməti də əlavə olunub. Eyni zamanda mobil audentifikasiya sertifikatı xidməti üçün texniki infrastruktur hazırlanaraq test işləri aparılıb.

Naxçıvanda kommunal xidmət haqlarının yığımı üzrə avtomatlaşdırılmış qeydiyyat sistemi istismara veriləcək

Cari ildə Naxçıvan Muxtar Respublikası (MR) da diqqət mərkəzində olub. MR ərazisində kommunal xidmət haqlarının yığımı üzrə avtomatlaşdırılmış qeydiyyat sisteminin yaradılması məqsədi ilə məlumat bazası yaradılıb və proqram təminatı yazılıb. Müvafiq serverlər alınıb, Naxçıvan MR RİTN-də quraşdırılıb. Naxçıvan MR Kommunal İdarələri tərəfindən ilkin məlumat bazaları tam formalaşdırıldıqdan sonra, sistemin tam şəkildə istismara veriləcəyi planlaşdırılır.

Əhalinin yaşadığı ərazi­lərin 96.0 faizi rəqəmli televiziya yayımı ilə təmin edilib

Hesabat dövrü rəqəmli televiziyanın yayım coğrafiyasının genişləndirilməsi üçün 22 ədəd rəqəmli DVB-T verici quraşdırılmışdır. Bu istiqamətdə görülmüş tədbirlər nəticəsində respublika əhalisinin yaşadığı ərazi­lərin 96.0%-i (ilin əvvəlində 93% idi) açıq paketlə (10-12 kanal) rəqəmli televiziya yayımı ilə təmin edilib. Milli televiziya və radio proqramlarının "Azərspace" peyki vasitəsilə ötürülməsinin təmin edilməsi üçün Teleqüllə ərazisində yerüstü peyk stansiyası quraşdırılıb. Bundan əlavə, respublika və regional TV və radio proqramlarının yayım əhatəsinin və keyfiyyətinin artırılması, kənar yayımların qarşısının alınması, rəqəmli TV proqramlarının regionlarda ötürülməsini təmin etmək, avadanlıqların normal iş rejiminin yaradılması məqsədilə müvafiq avadanlıqlar quraşdırılıb və zəruri tədbirlər görülüb.

Qonşu dövlətlərdən yayımlanan radio və televiziya proqramlarının elektromaqnit sahə gərginliyinin səviyyəsi ölçülüb

Respublika ərazisində yayımlanan TV və FM radioproqramlarının yayım keyfiyyətini yoxlamaq məqsədilə DRİ-nin mütəxəssisləri tərəfindən respublikanın yaşayış məntəqələrində TV siqnallarının elektromaqnit sahə gərginliyinin səviyyəsi ölçülüb. Həmçinin radiomonitorinq işləri aparılıb. Monitorinq nəticəsində televiziya yayımı üzrə 144 məntəqədə 1323 ölçü, radioyayımı üzrə isə 110 məntəqədə 1224 ölçmə işləri aparılıb. Respublika ərazisində qonşu dövlətlərdən yayımlanan radio və televiziya proqramlarının elektromaqnit sahə gərginliyinin səviyyəsini ölçmək məqsədilə 38 şəhər və rayon ərazisində radiomonitorinq işləri aparılıb.

Cari ildə qəbul edilən beynəlxalq sadə məktub və banderolların sayı 86970 ədəd olub

9 ayda poçt xidməti şəbəkəsinin inkişafı və genişləndirilməsi sahəsində də işlər davam etdirilib. Bu müddətdə qəbul edilmiş daxili sadə və sifarişli məktub korrespondensiyasının sayı 4453 471 ədəd (o cümlədən sadə 1168 453 ədəd, sifarişli 3285 018 ədəd) olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,5% və ya 933279 ədəd çoxdur. Hesabat dövründə qəbul edilmiş beynəlxalq sadə məktub və banderolların sayı 86970 ədəd olub. Sifarişli məktub və banderolların sayı 28 179 ədəd, beynəlxalq kiçik paketlərin sayı isə 5 845 ədəd olub. Respublikadaxili köçürmələr üzrə 1158 745 ədəd pulköçürməsi qəbul edilib,984 354 ədəd isə ödənilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədəqəbuledilmişpulköçürmələrininsayı 307 960 ədəd (36%) artıb,məbləğiisə 78038 661manat (86%) çox olub.

"Azərpoçt" sifarişli poçt göndərişləri üzrə beynəlxalq izləmə sistemi vasitəsilə 33 ölkə ilə əməkdaşlıq edir

"Azərpoçt" MMC beynəlxalq bağlamaların axtarışına dair Ümumdünya Poçt İttifaqının (ÜPİ) "Cricket" sorğu sistemi vasitəsilə hazırda dünyanın 155 ölkəsi ilə əməkdaşlıq edir. Bundan başqa, MMC 85 ölkə ilə "PRİME" (müştəri xidmətləri) sistemi ilə beynəxalq sifarişli poçt göndərişlərinə dair internet vasitəsilə operativ elektron sorğu sistemindən istifadə edir. Hazırda MMC sifarişli poçt göndərişləri üzrə beynəlxalq izləmə sistemi vasitəsilə 33 ölkə ilə əməkdaşlıq edilir.
"Azərpoçt" MMC-nin ÜPİ-nin Qlobal Monitorinq Sisteminə (GMS) qoşulması prosesi, demək olar ki, tam başa çatdırılıb. Cari ilin yanvar ayında ÜPİ-nin Beynəlxalq Bürosunun Keyfiyyətin Yaxşılaşdırılması Komitəsi tərəfindən təqdim olunmuş audit yoxlamasının nəticələri təsdiqlənib və "Azərpoçt" MMC qızıl səviyyəli sertifikata layiq görülüb. "Azərekspresspoçt" RM isə 2012-ci ilin yekunlarına görə növbəti dəfə (7-ci dəfə) ÜPİ-nin EMS Kooperativinin qızıl səviyyəli sertifikatına layiq görülüb.

Maliyyə xidmətlərinin göstərilməsi üçün icazələrin ümumi sayı 1016-ya çatdırılıb

2013-ci ilin 9 ayı ərzində maliyyə xidməti fəaliyyətinin həyata keçirilməsi üçün icazələrin alınması işi davam etdirilib və Mərkəzi Bankdan daha 8 poçt şöbəsinə maliyyə xidmətləri göstərilməsi üçün icazə alınıb. "Azərpoçt" MMC üzrə alınmış icazələrin ümumi sayı 1016-ya çatdırılıb. Hazırda "Azərpoçt" MMC tərəfindən 13 400-dək "Maestro" və "MasterCard" loqolu əməkhaqqı kartı emissiya edilərək müştərilərə təqdim olunub və MMC müştərilərə 105 ədəd POS-terminal və 15 ədəd ATM-lər vasitəsilə xidmət göstərir. Eyni zamanda MMC-nin PF və PŞ-lərin beynəlxlq pulköçürmələri sisteminə qoşulması üzrə işlər hesabat dövründə də davam etdirilib.
Bundan başqa, 2013-cü ilin 9 ayı ərzində "Azərmarka" şirkəti tərəfindən 20 mövzuda 51 ədəd poçt markası, 2 növ markalanmamış poçt kartı və 4 növ zərf dövriyyəyə buraxılıb. Ümummilli lider H.Əliyevin 90 illik yubileyi ilə əlaqədar kitab və suvenirlər hazırlanıb, dövriyyəyə buraxılıb.

Cari ilin daha bir uğuru - Avrasiya Rabitə Alyansı

Hesabat dövrü ərzində RİTN-in xarici əlaqələrinin inkişaf etdirilməsi, o cümlədən ölkəmizdə rabitə və İKT sahəsində aparılan islahatların beynəlxalq aləmdə tanınması üçün də əhəmiyyətli işlər görülüb, ikitərəfli görüşlər keçirilib. Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş və İKT-nin çox yüksək inkişafına malik olan iki nəhəng regionu – Qərbi Avropanı və Sakit okean hövzəsində olan Şərqi Asiyanı birləşdirərək, magistral üzərində yerləşən təxminən 20 ölkəni əhatə edəcək "TASİM" layihəsinə 2009-cu və 2012-ci illərdə BMT Baş Assambleyası tərəfindən xüsusi qətnamələrlə verilmiş siyasi dəstəkdən sonra, cari ilin sentyabr ayının əvvələrində BMT Baş Assambleyasının 67-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə yaradılması zəruri hesab olunan Avrasiya Rabitə Alyansına (Eurasian Connectivity alliance – EuraCA) dair qətnamə qəbul edilib.

RİTN-ə daxil olan ərizə, şikayət və digər müraciətlər də diqqət mərkəzindədir

RİTN ötən dövr ərzində əsas fəaliyyəti ilə yanaşı, qaçqın və məcburi köçkünlərin, şəhid və əlil ailələrinin, veteranların, sosial vəziyyəti ağır olan digər insanların problemləri ilə yaxından maraqlanaraq, onlara daim yardımlar edib. Əməyi ilə fərqlənən rabitəşilər də unudulmayıb. Hesabat dövrü ərzində 10 nəfərə "Rabitə ustası", 26 nəfərə "Fəxri Fərman", 31 nəfərə "Əmək veteranı" adları verilib.
Hesabat dövründə RİTN-in Mərkəzi Aparatında, rabitə birlik və müəssisələrində vətəndaşların qəbul olunması, RİTN-ə daxil olan ərizə, şikayət və digər müraciətlərin diqqətlə araşdırılması, xidmət mədəniyyətinin yüksəldilməsi daim diqqət mərkəzində olub. Cari ildə vətəndaşlardan birbaşa RİTN-ə daxil olan müraciətlərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 324 ədəd artaraq 1606 ədəd təşkil edib. Hesabat dövrü ərzində daxil olan 1606 müraciətdən 267-si telefon çəkilişi, 171-i işlə təmin olunma, 129-u maddi yardım verilməsi,122-si telefonun işləməməsi, 60-ı qəbula gəlmək, 30-u telefonun bərpası, 30-u rəhbərlikdən şikayət və s. məsələlərlə əlaqədar olub. Eyni zamanda, hesabat dövründə rabitə və informasiya texnologiyaları naziri regionlarda vətəndaşların qəbulunu keçirib, sakinlərin problemləri dinlənilib və edilmiş müraciətlərin həll olunması istiqamətində zəruri tədbirlər görülüb. Belə ki, qəbul zamanı 130 vətəndaş tərəfindən müxtəlif xarakterli 178 müraciət edilib. 112 vətəndaşın müraciəti müsbət həll olunub, qalan müraciətlərin icrası istiqamətində işlər aparılır.

Azərbaycan internet istifadəçilərinin sayına görə MDB və Orta Asiya ölkələrindən yenə fərqləndi

Bir sözlə, hesabat dövrünün nəticələri bir daha təsdiqləyir ki, "İKT ili" çərçivəsində 2013-cü ildə sektorun inkişafı ilə bağlı genişmiqyaslı tədbirlər görülür və layihələr həyata keçirilir. Ümumilikdə bu sahədə görülən işlər bəs beynəlxalq miqyasda necə qiymətləndirilir? Dünya İqtisadi Forumunun "Qlobal İnformasiya texnologiyaları 2013" hesabatı bu suala cavabı əks etdirir. Belə ki, hesabatda Azərbaycan "Şəbəkələşmə hazırlığı indeksi"nə görə əvvəlki mövqeyindən 5 pillə irəliləyərək dünyanın 144 ölkəsi arasında 56-cı yerə yüksəlib. Hesabata əsasən, Azərbaycan internet istifadəçilərinin say göstəricisinə görə MDB və Orta Asiya ölkələri arasında liderdir və eləcə də, 144 ölkə arasında "İKT-yə dəstəkdə hökumətin uğurları" indeksi üzrə 8-ci, "Hökumətin gələcək baxışlarında İKT-nin əhəmiyyətliliyi" indeksi üzrə 9-cu, internetin əlçatanlığı göstəricisinə görə isə 20-ci yerdə qərarlaşıb. Həmçinin, Dünya İqtisadi Forumunun "Global rəqabətlilik 2013-2014" hesabatında"Qlobal rəqabətqabiliyyətlilik indeksi" üzrə Azərbaycan dünyanın 148 ölkəsi arasında 39-cu yeri tutub və əvvəlki hesabatla müqayisədə 7 pillə irəliləyərək yenə də MDB məkanında öz liderliyini qoruyub saxlaya bilib.