MHM-in beynəlxalq informasiya təhlükəsizliyi standartlarına uyğunluğu üzrə auditi bu ilin sonunadək başlayacaq

22.08.13

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) "ISO 27001” informasiya təhlükəsizliyi beynəlxalq standartı üzrə sertifikat almaq üçün hazırlıq işlərini başa çatdırır.

MHM-in direktoru Nail Mərdanovun verdiyi məlumata əsasən, hazırda mərkəzdə beynəlxalq təhlükəsizlik standartına uyğunluq üzrə daxili audit keçirilir.

"Bu, çox mürəkkəb və uzunmüddətli bir layihədir və adətən "ISO 27001” informasiya təhlükəsizliyi beynəlxalq standartı üzrə sertifikasiya prosesi 1-1,5 il davam edə bilər. Biz ümid edirik ki, bu ilin sonuna kimi sertifikasiya öncəsi keçiriləcək beynəlxalq auditor yoxlaması həyata keçiriləcək”, - deyə o bildirib.

Xatırladaq ki, bu gün MHM-in artıq keyfiyyət menecmentinin idarəetməsi üzrə beynəlxalq sertifikatı var, bu audit isə mərkəzə məlumat təhlükəsizliyi üzrə sertifikat almağa imkan verəcək.