Səhiyyə Nazirliyi tərəfindən 38 elektron xidmətin göstərilməsi nəzərdə tutulub

29.12.12

2012-ci ildə müasir informasiya texnologiyalarının səhiyyə sisteminə tətbiq edilməsi sahəsində də əhəmiyyətli işlər görülüb. "Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində "Vətəndaşların elektron sağlamlıq kartı" sistemi fəaliyyətə başlayıb.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Səhiyyə Nazirliyində 2012-ci ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclasında nazirliyin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov bildirib.

Onun sözlərinə görə, hazırda müxtəlif xəstəliklər üzrə 10-a yaxın registr, kadrların vahid registri, yoluxucu xəstəliklərin elektron müşahidə sistemi, dərman maddələrinin dövriyyəsi, təcili tibbi yardım stansiyasının dispetçer xidməti və s. sahələrdə elektron proqramlar istifadə olunur:

«Səhiyyə sahəsində elektron xidmətlərinin genişləndirilməsi istiqamətində də işlər aparılır. Səhiyyə Nazirliyi tərəfindən 38 elektron xidmətin göstərilməsi nəzərdə tutulub. Hazırda nazirliyin rəsmi internet saytında "Elektron xidmətlər" bölməsi yaradılıb və 11 elektron xidmət artıq fəaliyyət göstərir».