Əli Abbasov: «Yaxın vaxtlarda elektron xidmətlərin genişləndirilməsi üzrə dövlət proqramının təsdiqlənməsi gözlənilir»

24.06.13

«Elektron xidmətlərin genişləndirilməsi bizim işləri yüngülləşdirir. Çünki təsdiq olunmuş 417 dövlət xidmətindən bu gün təxminən yarısı elektron şəkildə əhaliyə təqdim olunur».

Bu fikirləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Şəkidə jurnalistlərə verdiyi açıqlamasında söyləyib. Hazırda elektron xidmətlərin verilməsinin Azərbaycan üçün prioritet məsələ olduğunu xatırladan nazir əlavə edib ki, yaxın vaxtlarda elektron xidmətlərin genişləndirilməsi üzrə dövlət proqramının təsdiqlənməsi gözlənilir.

Bundan sonra əsas 3 subyekt, yəni RİTN, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, həmçinin də xidmət verən orqanlar 2020-ci ilə qədər bütün xidmətlərin tamamilə elektronlaşdırılması, əhaliyə verilməsi məsələlərinin həlli ilə məşğul olacaq: «Burada əsas məsələlərdən biri də xidmətlərin təkcə elektronlaşdırılması deyil, eyni zamanda onların əhaliyə çatdırılmasıdır. Ona görə də bu xidmətlərin internet üzərindən verilməsini genişləndiririk».

Nazir Əli Abbasov onu da qeyd edib ki, Şəkinin bütün kəndlərinin optik kabelləşdirilməsi və müasir rəqəmli rabitə sisteminin qurulması üzrə aparılan işlər artıq başa çatmaq üzrədir:

«Bilirsiniz ki, bu gün Şəki təkcə böyümür, həmçinin turist zonası kimi diqqəti cəlb edir. Bura çoxlu xarici qonaqlar gəlir. Ona görə də bizim Şəkidə həyata keçirdiyimiz proqram daha genişdir. Demək olar ki, aparılan işlər başa çatmaq üzrədir. Mən hesab edirəm ki, yaxın vaxtlarda Şəkidə insanların harada yaşamasından, yəni rayon mərkəzində və ya ucqar kəndlərdə məskunlaşmasından asılı olmayaraq müasir rabitə sistemlərindən istifadəsində heç bir problem olmayacaq».