Azərbaycanda IMEI kodların məlumat bazasında 12 milyondan çox telefon qeydiyyata alınıb

20.06.13

Azərbaycanda mobil telefonların IMEI kodlarının məlumat bazasında 12 milyondan artıq mobil telefon qeydiyyata alınıb. Bu barədə jurnalistlərə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib. 

Onun sözlərinə görə, mobil telefonlarla yanaşı, sistemə 400-dən artıq GSM standartlı (naviqator, məişət texnikası və b.) qurğular daxil edilib.

Məmmədov deyib ki, standartlara uyğun olmayan qurğular da var. Onların sayı təxminən 300 min ədəd təşkil edir. Onların şəbəkədə fəaliyyəti dayandırılmayıb, lakin konkret nömrəyə bağlanılıb: "Yəni onların sahibləri faktiki olaraq həmin telefonları sata və yaxud başqa nömrə ilə işlədə bilməzlər. Müvafiq olaraq, bu qurğular tədricən bazarı tərk edəcək və şəbəkədə yalnız standartlara uyğun telefonlar qalacaq".

Nazir müavininin sözlərinə görə, sistemin işə salınmasından sonra standartlara cavab verməyən telefonların sayı təxminən 20 min ədəd təşkil edib: "Telefon qurğularının oğurlanması və itirilməsi ilə bağlı faktlar da qeydə alınıb. Sistemin işə salınmasından sonra oğurluq haqqında müraciətlərin sayı 85 olub. Oğurlanan telefonların şəbəkədə fəaliyyəti dayandırılıb".