"Elektron hökumət" portalının rəsmi "Facebook" səhifəsində istifadəçilərin sayı sürətlə artır

18.06.13

"Elektron hökumət" portalının rəsmi "Facebook" səhifəsi (" www.facebook.com/egov.az) fəaliyyətini genişləndirməkdə davam edir. Hazırda səhifə istifadəçilərin sayı artıq 50 mini ötüb.

Sözügedən "Facebook" səhifəsi ölkəmizdə "Elektron hökumət"in formalaşması istiqamətində görülən və nəzərdə tutulan işlər, layihələr haqda vətəndaşlarımızı maarifləndirmək, dövlət strukturlarının göstərdiyi elektron xidmətlərin hər bir vətəndaş üçün açıq olaraq portalda yerləşdirilməsini işıqlandırmaq, eyni zamanda ölkəmizdə informasiya cəmiyyəti quruculuğunda aparılan işləri təhlil və müzakirə etmək, istifadəçiləri keyfiyyətli elektron xidmətlərlə təmin etmək məqsədilə yaradılıb.Qeyd edək ki, "Elektron Hökumət" Portalı üzərindən e-xidmətlərdən faydalanmaq istəyən istifadəçilər "Facebook" səhifəsinə daxil olaraq öz fikirlərini bildirir və paylaşırlar. Səhifəyə ünvanlanan suallar sosial tələb olaraq qəbul edilir, operativ şəkildə cavablandırılır, irəli sürülən təklif və rəylər mütəmadi olaraq nəzərə alınır.

"Elektron Hökumət" portalı nəinki ölkə daxilində, hətta xarici ölkələrdən olan istifadəçilər üçün də artıq böyük maraq dairəsinə çevrilib. Böyük resursa malik olan portal Dünya Azərbaycanlılarının vahid informasiya məkanına çevrilməkdədir.
"Elektron hökumət"in vaxta qənaət, əlverişli, sürətli, keyfiyyətli, fasiləsiz, şəffaf, rahat, etibarlı olması kimi əsas üstünlükləri var.
İnformasiya və telekomunikasiya texnologiyalarının müasir mahiyyəti "Elektron Hökumət” Proqramı şəklində dövlət xidmətlərinin təqdimatıdır. Hal hazırda Azərbaycanda geniş vüsət götürən "Elektron Hökumət” Proqramı uğurla davam etdirilir.