Dekabrın 6-da Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsinin işçiləri peşə bayramlarını qeyd edirlər.

6.12.12


Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 02 dekabr 2006-cı il tarixli sərəncamı ilə təsis olunub. O vaxtdan bütün respublikada rabitəçilər və informasiya texnologiyaları sahəsinin işçiləri öz peşə bayramlarını qeyd edirlər.

Peşə bayramının məhz bu gündə qeyd olunması Azərbaycanda ilk telefon xəttinin yaradılması ilə bağlıdır. Belə ki, 1881-ci il dekabrın 6-da Bakıda "Nobel qardaşları” cəmiyyəti tərəfindən ilk telefon xətti çəkilmişdir.

Azərbaycanda rabitə sahəsi Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyəti illərində xüsusilə inkişaf etməyə başlayıb. Azərbaycanda rabitə sisteminin əsas inkişaf dövrü 70-80-ci illərə təsadüf edir. Həmin illərdə respublikaya rəhbərlik etmiş Heydər Əliyevin bu sahənin inkişaf etdirilməsinə göstərdiyi xüsusi diqqət o dövrün rəsmi sənədlərində geniş şəkildə öz əksini tapır.

1976-cı ildə təkcə Bakı telefon şəbəkəsinin gücü 1927-ci illə müqayisədə 20 dəfədən çox artmış, telefon Azərbaycan əhalisinin məişətinin ayrılmaz hissəsinə çevrilmişdi.

Həmin illərdə poçt, teleqraf və teleradio proqramlarının yayımı sahələri də diqqətəlayiq inkişaf yolu keçmişdir. Bakıda Dəmir yolu yanı poçtamt binasının, Rabitə evi, onlarla rayon mərkəzində rabitə qovşaqları üçün binaların, bundan başqa respublikada 300-dən çox poçt şöbəsi binasının tikintisi o dövrdə reallaşmışdır.

1979-cu ildə Heydər Əliyevin şəxsi rəhbərliyi altında yaradılmış komissiya tərəfindən Bakıda - köhnə teleqüllənin yaxınlığında tikilməsi nəzərdə tutulan 310 metrlik Yeni Teleqüllənin layihəsi təsdiq edildi və 1981-ci ildə obyektin tikintisinə başlandı. Buna baxmayaraq bir sıra obyektiv və subyektiv səbəblər üzündən Yeni Teleqüllənin istismara verilməsi, ləngidilsə də Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi dövrdə onun diqqət və qayğısı sayəsində xalqın istifadəsinə verildi.

Həmçinin, 90-cı illərdə Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycanda informasiya kommunikasiya texnologiyaları sektoru da inkişaf etməyə başladı, ölkədə bu yeni sektorun inkişafı prosesi sürətlənirdi, Azərbaycanın internet seqmenti genişlənirdi.

Son illər ərzində beynəlxalq ekspertlər Azərbaycanda informasiya texnologiyalarının sürətlə inkişafı qeyd edirlər. İKT sahəsi üzrə gəlirlərin artım tempi son illər ərzində dünya üzrə artım tempini bir neçə dəfə üstələyib.

Azərbaycan rəqəmli fərqliliyin aradan qaldırılması istiqamətində bir sıra mühüm irimiqyaslı regional layihələr həyata keçirir. Bu, TransAvrasiya Super İnformasiya Magistralı (TASİM), milli telekommunikasiya peykinin orbitə çıxarılması, Regional İnnovasiya Zonasının yaradılması və digər böyük əhəmiyyət kəsb edən layihələrdir.

Azərbaycanda rabitə və informasiya-kommunikasiya texnologiyaları sektorunun hazırkı sürətli inkişafı birbaşa ümummilli liderin kursunu davam etdirən ölkə Prezidenti İlham Əliyevin şəxsi diqqəti və qayğısı nəticəsində əldə olunub. Dövlət başçısı çıxışlarında İKT sektorunun inkişafının zəruriliyini, eləcə də prioritetliyini və bilik iqtisadiyyatının yaradılmasındakı rolunu dəfələrlə qeyd edib. Təkcə 2012-ci il ərzində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının və Elektron Təhlükəsizlik Mərkəzinin yaradılması haqqında sənədlər imzalanıb. Cari ilin noyabrında illik Bakutel sərgi-konfransı ilə yanaşı, Bakıda dünya əhəmiyyətli İnternet İdarəçilik Forumu (IGF 2012) da keçirilib. Bütün bunlar hökumət tərəfindən İKT sektoruna böyük diqqətin yetirilməsini bir daha sübut edir.

Öz növbəsində rabitə və informasiya texnologiyaları sahəsinin işçiləri İKT sektorunun inkişafı, əhalinin həyatın hər sahələrində informasiya texnologiyalarının imkanlarından bəhrələnməsi, sürətlə inkişaf edən rəqəmsal əsrdə ən qabaqcıl xidmətlərin təqdim olunması istiqamətində əllərindən gələni əsirgəmirlər.