Elmir Vəlizadə: "Vətəndaşlar elektron xidmətlərə böyük maraq göstərirlər"

11.06.13

Elektron hökumət" portalı artıq fəaliyyətdədir və onun fəaliyyətinə ölkə əhalisi tərəfindən diqqət gündən-günə artır". Bu fikirləri Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə jurnalistlərə verdiyi açıqlamasında söyləyib.

Onun sözlərinə görə, əvvəlcədən 40 mərkəzi icra hakimiyyəti orqanının bu portala qoşulması nəzərdə tutulub və artıq onların hamısı portalda təmsil olunur: «Hazırda bu qurumlar tərəfindən təqribən 217 elektron xidmət göstərilir. Statistika onu göstərir ki, vətəndaşlar bu göstərilən xidmətlərə böyük maraq göstərirlər. Gündən-günə də "Elektron hökumət" portalına daxil olan şəxslərin sayı, burdan giriş üçün nəzərdə tutulan xüsusi kod-parol alanların sayı və eləcə də elektron imza sertifikatları alan şəxslərin sayı artır».

Nazir müavini yerli icra hakimiyyəti orqanlarının "Elektron hökumət" portalına qoşulması məsələsindən də danışıb. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Elektron hökumət" portalının əsasnaməsi təsdiq olunarkən bir neçə tapşırıqlar verilib:

«Bunlardan biri də bilavasitə 2013-2015-ci illəri əhatə edəcək yeni bir dövlət proqramının hazırlanması idi. Bu dövlət proqramında "elektron hökumət"in, elektron xidmətlərin inkişaf etdirilməsi nəzərdə tutulub. Və məhz bu proqram çərçivəsində yerli icra hakimiyyəti orqanlarının da elektron xidmətlər göstərməsi, "Elektron hökumət" portalına qoşulması və digər bu kimi məsələlərin həlli gözlənilir. Layihə artıq hazırlanır, müvafiq qurumlarla razılaşdırılır. Bilirsiniz ki, belə sənədlərin qəbul olunmasının xüsusi proseduru var və bu prosedura uyğun olaraq təqdim edilib. Prosedurdan asılı olaraq da təsdiq ediləcək».