RİTN XƏBƏRDARLIQ EDİR: Satışda olan saxta mobil telefon cihazlarını almayın, çünki...

19.04.13

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi satışda olan saxta mobil telefon cihazlarını almamağı istehlakçılara tövsiyə edir.

Respublika ərazisinə qeyri-qanuni yollarla idxala cəhd edilən saxta mobil telefon cihazlarının mütəmadi olaraq hüquq-mühafizə orqanları tərəfindən aşkarlanma faktları nəzərə alınaraq, istehlakçılara bu tövsiyəyə ciddi yanaşmaları məsləhət görülür.

Qeyd etmək lazımdır ki, 1 may 2013-cü il tarixindən mobil cihazların qeydiyyat sistemi (MCQS) fəaliyyətə başlayır və həmin tarixdən sonra bütün saxta "IMEI" nömrəli yeni mobil telefon cihazlarının respublikamızın mobil rabitə şəbəkələrində istifadəsi məhdudlaşdırılacaqdır.

Mobil cihazların qeydiyyat sistemi işə düşdükdən sonra, hər hansı istehlakçı saxta "IMEI" nömrəli yeni mobil telefon cihazı alaraq onu mobil operatorların şəbəkələrinə qoşmaqla xidmətdən yararlanmağa çalışarsa, həmin cihazın istifadəsi qeyri-mümkün olacaqdır.

Ona görə də istehlakçılar yeni mobil telefon cihazları alan zaman bu kimi məsələlərə xüsusi diqqətlə yanaşmalıdırlar. İstehlakçılar yeni fəaliyyətə başlayan "www.imei.az"ünvanı vasitəsilə "IMEI" nömrələrini yoxlaya və ya "1677" xidmətinə zəng etməklə ətraflı məlumat əldə edə bilərlər.

Mobil cihazların qeydiyyat sistemi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş "Mobil cihazların qeydiyyatının aparılması" qaydasına uyğun yaradılmışdır.

Mobil cihazların qeydiyyat sisteminin yaradılması "İnformasiya-kommunikasiya texnologiyaları ili" çərçivəsində həyata keçirilən silsilə tədbirlərdəndir.