Əli Abbasov: "Elektron hökumət"in qurulması Azərbaycan iqtisadiyyatının inkişafına güclü təsir edəcək"

19.04.13

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN xidmət") ilə birlikdə "Elektron hökumət"in qurulması layihələrinin növbəti mərhələlərinin həyata keçirilməsi üzrə Dövlət Proqramını hazırlayıb. Bunu  Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov Cənubi Koreyanın Azərbaycandakı səfiri Çoi Suk İn ilə görüşdə deyib.

Nazirin sözlərinə görə, Dövlət Proqramının həyata keçirilməsi üzrə işlərin yaxın vaxtlarda başlaması gözlənilir.

"Elektron hökumət"in qurulması sahəsində liderlərdən biri Cənubi Koreyadır. Biz bu ölkə ilə yeni Dövlət Proqramının qəbulundan sonra gələcəkdə də əməkdaşlıq etmək niyyətindəyik" , - o qeyd edib.

Abbasovun sözlərinə görə, Azərbaycan Cənubi Koreya şirkətlərinin ölkənin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinə cəlb edilməsində maraq göstərir.

"Ötən ilin dekabrında qəbul edilmiş "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsasən, yaxın 10 il ərzində ölkənin ümumi daxili məhsulunun (ÜDM) iki dəfə artırılması nəzərdə tutulur. Burada əsas rol qeyri-neft sektoruna məxsus olacaq. Onun ayrılmaz hissələrini isə elm, təhsil, yüksək texnologiyalar və müasir tipli sahibkarlığın inkişafı təşkil edəcək.

Onun sözlərinə görə, söhbət, həmçinin müasir tipli bazar iqtisadiyyatının saxlanılması, əlverişli rəqabət mühitinin yaradılması, sahibkarlığa dəstək və s.-dən gedir.

"Hazırda ölkə rəhbərliyi səviyyəsində əsas diqqət "Elektron hökumət"in qurulmasına ayrılır. "Elektron hökumət" iqtisadiyyat və sahibkarlığın inkişafına, həmçinin cəmiyyətin demokratikləşməsinə güclü təsir etməyə hesablanıb" , - Abbasov bildirib.